Ukraynadan sonra yeni hədəf: Moskva bu ölkəyə hücuma hazırlaşır?

Moldova ilə Rusiya arasında gərginlik pik həddə çatıb.

Globalinfo.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Kişinyovu NATO ilə yaxınlaşdığına görə rəsmi şəkildə təhdid edib.

O, Moldovanın Ukrayna təcrübəsini öyrənməsi gərəkdiyini bildirib:

“Təcrübə göstərir ki, bu və ya digər ölkənin Qərb silahları ilə doldurulması və ya onun ərazisində NATO kontingentinin yerləşdirilməsi təhlükəsizlik və suverenlik gətirmir, əksinə fəlakətə yaxınlaşdırır. Ukraynanın acı təcrübəsi Moldova torpaqlarından çox yaxşı görünür”.

Moskvadan səsləndirilən təhdidə Kişinyovdan çox ehtiyatlı cavab gəlib. Moldova Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Vode ölkəsinin neytrallığının özünütəcrid mənasına gəlmədiyini deyib. Moldovanın NATO-dan imtina etmək fikrinin olmadığını vurğulayan Vode bununla ölkənin dayanıqlılığının gücləndiriləcəyini qeyd edib:

“Biz Rusiyanın Ukraynaya qarşı qəddar aqressiyasından əziyyət çəkən regionda yaşayırıq. Toqquşduğumuz çoxsaylı hibrid çağırışların öhdəsindən gəlmək üçün bizə dostlarımızın həmrəyliyi lazımdır. Biz müstəqil ölkəyik və ölkəni necə inkişaf etdirəcəyimizə də özümüz qərar veririk”.

Qeyd edək ki, bundan öncə Moldova kəşfiyyatının rəhbəri 2023-cü ilin ölkə üçün kritik əhəmiyyət daşıdığını açıqlamışdı. O məhz bu tarixdə Rusiyanın Kişinyova hücum etmək ehtimalının olduğunu bildirmişdi.