Ukrayna savaşında gözlənilməz dönüş: Polşa Putinlə anlaşdı

Polşa Ukraynaya silah yardımını dayandırdığını açıqladı. Rəsmi Varşava bunu son günlər gərginləşən münasibətlər ilə əlaqələndirib. Polşa Prezident Administrasiyasının beynəlxalq siyasət idarəsinin rəhbəri Marçin Pşidaç deyib ki, “Ukrayna başa düşməlidir ki, parçalanmağa imkan verməmək hamımızın marağındadır. Ancaq Ukrayna Polşa ilə dost olmaq istəməsə və buna can atmasa, əlbəttə ki, biz bunun öhdəsindən gələ bilərik. Biz NATO-dayıq, güclü ordumuz var, AB-dəyik, yaxşı işləyən dövlətimiz var. Hazırda problem içində olan Ukraynadır və Polşanın dəstəyini almaq onun maraqlarına uyğundur”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, Rusiya-Ukrayna müharibəsi əvvəlki kimi gündəm deyil:

“Bunu Avropa ölkələrinin rəsmilərinin son açıqlamaları da sübut edir. Reallıq ondan ibarətdir ki, bir sıra dövlətlər bu məsələdə əvvəlki mövqedə deyil və fərqli mövqe sərgiləməkdədir.

Avropa uzunmüddətli müharibə istəmir. Necə ki, Rusiya müharibənin əvvəlində qısa zamanda hədəfinə nail olmaq üçün sürətli hücuma keçdi. Avropa da Ukraynaya dəstək verərək müharibənin tez bir zamanda bitməsini istəyirdi. Qərb başa düşür ki, müharibə uzanır. Müharibənin uzanması isə Rusiya qədər onlara da təsir edir.

Xəyal Bəşirov

Bu gün Qərb ölkələri anlayır ki, proseslər fərqli inkişaf edir. Rusiyaya qarşı əllərindən gələn bütün addımları atıblar. Hətta Rusiya mədəniyyət tədbirlərindən, idman sahəsindən belə uzaqlaşdırılıb. Lakin bütün bunlar Kremli dayandırmır. Əksinə, Avropa ölkələrinin bəziləri müharibədən bir başa zərər görməyə başlayıb. Buna görə də Qərbdə müharibəyə dair yanaşma ikilidir”.

X.Bəşirov deyib ki, Almaniya, Polşa müharibənin davam etməsini istəmir:

“Britaniya, ABŞ isə müharibənin davam etməsində maraqlıdır. Hesab edirəm, Qərb bu gün danışıqlar məsələsində Ukraynaya təzyiq etsə, proses bitər. Yəni Qərbin dəstəyi olmadan Ukrayna bu müharibəni uzun müddət davam edə bilməz. Rusiya isə faktiki olaraq danışıqlarda maraqlıdır. Çünki bu günə qədər işğal etdiyi ərazilər belə onu sülh müqaviləsi imzalamaq üçün qane edir. Hər halda proses belə davam etsə, Kiyevə dəstək səngisə, müharibədə ciddi dönüş yaracaq”.

Turan Rzayev
Globalinfo.az