“Bu, Ukrayna savaşı ilə bağlı yaranmış vəziyyətə reaksiyadır”

Dekabrın 14-də Azərbaycan, Türkiyə və Türkmənistanın dövlət başçılarının Birinci Zirvə Görüşü baş tutdu.

Zirvə Görüşündə energetika, ticarət, iqtisadi, gömrük, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrinə dair məsələlər müzakirə edilib.

Mövzunu Globalinfo.az-a şərh edən ekspert İlham Şabanın sözlərinə görə, iqtisadi münasibətlər o zaman inkişaf edir ki, ölkələr arasında münasibətlər yaxşı olur:

“Siyasi münasibətlərin yaxşı olması ölkələr arasında bir-birinə inam formalaşdırır. Bu isə biznesin lokomotividir. Ticari münasibətlərin yaranması ilə maliyyə institutları, banklar işləyir, gömrük qaydaları sadələşir. Türkmənistan, Azərbaycan və Türkiyə arasında bu ticarətin aparılması və bununla bağlı hökumətlərarası sənədlərin imzalanması, siyasi rəhbərliyin ortaya iradə qoyması yaxın gələcək üçün yeni müstəvidə bazarlaşmanı gerçəkləşdirəcək, bundan hər tərəf qazanacaq”.

İ.Şaban qeyd edib ki, Türkiyə ilə ticarət dövriyyəsi 5 milyard dollara çatıb:

“Hansı ki, əvvəl bu rəqəm heç 3 milyard dollara çatmırdı. Bütün bunlar dövlətlərin və xalqların getdikcə yaxınlaşmasına səbəb olacaq. Nəticə etibarilə bu, türk dövlətləri birliyi gerçəkliyinin daha da inkişafına gətirib çıxaracaq”.

Politoloq Rövşən İbrahimov isə bildirib ki, Azərbaycan, Türkmənistan və Türkiyə sammiti, əslində, son illər Azərbaycan xarici siyasətində üçlü münasibətlərin formatından biridir:

“Bu formatda Azərbaycan mərkəzdə yer alaraq qonşuları ilə münasibətlərini müxtəlif sahələrdə inkişaf etdirməyə çalışır. Bu üçlü ittifaq münasibətlərində hər üç dövləti başlıca olaraq nəqliyyat mövzusu maraqlandırır. Bu, əsas etibarilə Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra yaranmış vəziyyətə reaksiyadır. Çünki istər Qərb, ilk növbədə isə Avropa İttifaqı, istərsə də Uzaq Şərq ölkələri, birinci növbədə isə Çin öz aralarında irihəcmli ticarəti təhlükəsiz həyata keçirmək üçün alternativ axtarırlar. Ona görə də Transxəzər nəqliyyatının necə aparılacağı, Türkmənistan üzərindən Özbəkistana və Çinə nəqliyyatın təmin edilməsi, logistik dəstək, dövlətlər arasında müxtəlif mövzularda kordinasiyanın təmini və s. məsələlər aktualdır”.

Ekspertin fikrincə, Azərbaycan, Türkmənistan və Türkiyənin qlobal səviyyədə enerji məsələsində mərkəzə çevriləcəyi fikri yanlışdır:

“Əgər söhbət Türkmənistanın təbii qazından gedirsə, onun qlobal səviyyədə rol oynaması qeyri-mümkündür. İkincisi, hazırda ölkələr arasında hər hansı təbii qazın nəqli barədə söhbət aparıla bilməz. Çünki Türkmənistanın o həcmdə müxtəlif istiqamətlərdə sərbəst sata biləcəyi təbii qazı yoxdur. Hazırda Türkmənistan çıxardığı təbii qazın böyük hissəsini Çinə ixrac edir, digər hissəsini daxili bazarda istifadə edir və o qədər çox sata biləcəyi qazı yoxdur. Bunun xaricində Türkmənistanla Çin arasında növbəti qaz kəməri tikilir. O kəmər tikiləndən sonra doldurmaq üçün Türkmənistanda qaz axtarılmalı olacaq. Ona görə Qərb istiqamətində Türkmənistan böyük həcmdə qaz sata bilməz.

Azərbaycan da Qərb istiqamətində 27 milyard kubmetr qaz satmağı düşünür. Bu isə böyük həcm deyil. Müqayisə üçün, Rusiya bunun on qatını müharibədən əvvəl ixrac etməkdə idi”.

Politoloq vurğulayıb ki, üçlü ittifaq bu ölkələr arasında daha yaxşı siyasi münasibətlərin inkişaf etməsinə töhfə verir:

“Türkmənistan və Azərbaycan arasında siyasi münasibətlər uzun müddətdir ki, yaxşı deyildi. Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun hakimiyyəti dövründə bir sıra problemlər həll olunmağa başladı. 2021-ci ildə Azərbaycanla Türkmənistan arasında “Kəpəz”/“Sərdar” (indiki adı ilə “Dostluq”) yatağının birgə işlədilməsi barədə razılığa gəlinmişdi, amma həmin istiqamətdə işlər hələ başladılmayıb. Buna baxmayaraq, ölkələr fikir ayrılığına son qoyublar və əməkdaşlıq üçün yeni istiqamətlər tapıblar.

Türkiyə də Mərkəzi Asiya ölkələri ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır.  Azərbaycanın bu üçlü format fəaliyyəti təşəbbüsü yeni deyil. Hazırda bu, Türkmənistan və Türkiyə arasında münasibətlərin inkişafına gətirib çıxarıb”.

Gülnar Səlimova
Globalinfo.az