Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr və xalqları arasında əlaqələrin genişləndirilməsi istiqamətində işlər görülür. İqtisadi, mədəniyyət, dil və digər istiqamətlərdə bir sıra təkliflər verilib. Ortaq bankın yaradılması, əlifbanın formalaşdırılması və s.
Bəs türk dövlətlərinin ortaq idman çempionatları keçirilə bilərmi?
Məsələn, futbol üzrə, yaxud türk ölkələrinin olimpiya oyunlarının təşkili mümkündürmü? Bu istiqamətdə hansı addımlar atıla bilər?
Mövzunu Globalinfo.az-a şərh edən idman jurnalisti Natiq Muxtarlının deyib ki, türk dövlətlərinin idman sahəsində də inteqrasiyası qaçılmazdır.
Onun sözlərinə görə, artıq bununla bağlı müəyyən addımlar atılır:
“Məsələn, Türkiyə klublarına icazə verilib ki, türk dövlətlərindən bir futbolçunu yerli kimi heyətə cəlb etsinlər. Gələcəkdə ümumiyyətlə türk dövlətlərinin futbolçularının legioner sayılmaması ideyası da gündəmə gələ bilər. Özü də bütün türk dövlətlərində. Avropa Birliyində tətbiq olunan qayda əsas götürülə bilər. Amma türk dövlətlərinin ortaq futbol çempionatının keçirilməsi mümkün deyil. Ancaq təlim-məşq toplanışları zamanı ayrı-ayrı ölkələrdə türk dövlətlərinin klublarının iştirakı ilə turnirlər keçirmək olar. Lakin türk dövlətlərinin olimpiya oyunlarını təşkil etmək olduqca realdır. Böyük ehtimalla, gələcəkdə bu məsələ ciddi şəkildə gündəmə gələcək”.
Natiq Muxtarlı
Jurnalistin fikrincə, türk dövlətlərinə xas olan ənənəvi idman növlərinin salınacağı belə yarış həm inteqrasiya, həm də idmanın inkişafı baxımından cəlbedici ola bilər:
“Lakin bunun üçün uyğun vaxt tapılmalıdır. İndi xeyli böyük yarışlar keçirilir – Olimpiya Oyunları, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları. Ona görə də ideya gündəmə gələrsə, vaxt düzgün seçilməlidir ki, digər yarışlarla üst-üstə düşməsin. Məsələn, bu yarışları Olimpiya oyunlarından bir müddət əvvəl təşkil etmək olar. Türk dövlətləri Olimpiya oyunlarında əsasən bu idman növlərində medal qazanırlar – güləş, cüdo, boks, taekvando və s. Olimpiadadan əvvəl belə yarışın keçirilməsi idmançılar üçün əla hazırlıq olar. Amma təbii ki, bu yarışı təşkil etmək bir günün işi deyil”.
N.Muxtarlı deyib ki, gələcəkdə belə yarış keçirilərsə, onun iştirakçılarının da sayı artacaq:
“Məsələn, ərazisində türkdilli xalqlar yaşayan ölkələr – Gürcüstan, İran, Rusiya, Çin də bu yarışda iştirakda maraqlı ola bilər. Ancaq buna qədər siyasi aspektdə bir sıra məsələlər həll olunmalıdır. Və eyni zamanda paralel olaraq bu məsələ də gündəmə gətirilməli, hətta ona hazırlıq da başlamalıdır”.
Zaira Akifqızı