Tramp iran rat 900x506 2

Xəbər verdiyimiz kimi, Prezident Donald Tramp ABŞ helikopterinin vurulmasına görə İranı günahlandırıb və cavab verildiyini elan edib. Onlar İranın Hörmüz boğazındakı qüvvələri, o cümlədən Sirik, Qeşm adası və Minab bölgələrinə hücum edib. SEPAH da cavab zərbələrinin endiləcəyini bildirib. Maraqlıdır ki, Tramp bu hücumların Tehranla razılaşmanı pozmayacağına ümid etdiyini söyləyib.

Təyyarə məsələsi ABŞ-ın İrana hücum etməsi üçün bəhanədir? Beləliklə, Yaxın Şərqdə müharibə yenidən başladı, yoxsa bu, qısamüddətli qarşılıqlı hücumlar olacaq?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ və İran arasında bir neçə saatlıq atəşkəsin pozulması gözlənilməz hal deyil:

“Çünki tərəflər arasında rəsmi və hüquqi qüvvəyə malik atəşkəs razılaşması yoxdur. Bu səbəbdən baş verən lokal hərbi toqquşmalar da təbii qarşılanmalıdır. İki ölkə arasında hərtərəfli çərçivə sazişi imzalanmayana qədər döyüş əməliyyatlarının yenidən alovlanması ehtimalı qalır. Hazırkı mərhələdə İranın vəziyyəti daha kəskindir. Rəsmi Tehran Vaşinqtonla razılığa gəlmədiyi müddətdə ölkədə həm iqtisadi, həm də sosial problemlərin dərinləşməsi davam edəcək”.

mehemmed esedullazadeee 900x574 1

Məhəmməd Əsədullazadə

Politoloq bildirib ki, İranın regionda ABŞ-ın hərbi obyektlərinə zərbələr endirməsi onun qalibiyyəti anlamına gəlmir:

“Bu addımlar müəyyən təsirlər yaradır, amma münaqişənin taleyini həll edəcək səviyyədə deyil. Eyni zamanda, Körfəz ölkələri üçün də əlavə risklər yaradır. Lakin yaxın perspektivdə genişmiqyaslı müharibənin yenidən başlaması gözlənilmir. Hazırda tərəflər arasında danışıqlar davam edir və müəyyən müddətdən sonra razılaşmanın əldə oluna bilər. ABŞ İranla birbaşa dialoq vasitəsilə irəliləyişə nail olmağa çalışır. Yəni mövcud vəziyyət göstərir ki, tərəflərin kompromisə gəlməsi və razılaşma imzalaması ehtimalı kifayət qədər yüksəkdir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: