tramp iran

ABŞ Prezidenti Donald Tramp İranın gəmilərə, yüklərə və digər dəniz əmlakına vurduğu hər bir zərərin əvəzinin ABŞ-ın nəzarətində olan İran vəsaitləri hesabına ödəniləcəyini açıqlayıb. Bununla yanaşı, İrana görünməmiş gücdə hücum planlandığını bildirib.

Həmçinin quru əməliyyatlarının başladığına dair xəbərlər də yayılıb.

Tehranın Vaşinqtonun qərarına reaksiyası necə olacaq? Sözügedən məsələlər regiondakı vəziyyətə necə təsir edəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, ABŞ bütün mümkün təzyiq vasitələrindən istifadə edərək, İranın diplomatik masada güzəştlərə getməsinə, ilk növbədə Hörmüzlə bağlı yanaşmasından imtina etməsinə çalışır:

“Seçki yaxınlaşdıqca ABŞ hökumətinin manevr imkanları da daralır. Konqresə seçkilərdə məğlubiyyət isə ABŞ hökuməti üçün intihar deməkdir. Ona görə də Vaşinqton genişmiqyaslı eskalasiyada maraqlı deyil, məhdud zərbələrlə İranın müqavimətini qırmaq istəyir. Tehran isə rəsmən bəyan edir ki, bütün ssenarilərə hazırdır. İranın son zərbələrinin kifayət qədər effektli olması isə ABŞ üçün qeyri-müəyyənlik yaradır. Bu da hökumətdə və konqresdə fikir ayrılıqlarını dərinləşdirir.

eli zulfu 900x585 1
Əli Zülfüqaroğlu

ABŞ-ın nəzarətində olan İran vəsaitlərinin mənimsənilməsinin effekiv yanaşma olduğu inandırıcı deyil. İrana məxsus 100 milyard dollardan artıq vəsaitin dondurulması haqqında məlumatlar var və rəqəmlər müxtəlif mənbələrdə fərqli formada təqdim edilir. ABŞ-ın birbaşa nəzarətində olan vəsait tam açıqlanmasa da, bəzi mənbələrə görə, təqribən 12 milyard dollara yaxındır. Bu vəsait mənimsənərsə, o zaman İran da Körfəz ölkələrində ABŞ-ın investisiya yatırdığı bir sıra obyektləri hədəf ala bilər. Bu da o deməkdir ki, ABŞ-a da 10 milyardlarla dollar zərərin dəyməsi mümkündür. Yəni bu, strateji yanaşma deyil. Görünən odur ki, İranın müqavimətinin qırılması hələlik çətindir. Vəziyyətin belə davam etməsi isə ABŞ üçün arzuolunmazdır və Vaşinqton daha geniş, amma idarəolunan hücumlara üstünlük verə, xüsusilə ərəb ölkələrinə yaxın ərazilərdə yerləşən İrana məxsus adaların ələ keçirilməsi istiqamətində addımlar atıla bilər. Lakin istənilən halda quru əməliyyatları ABŞ üçün daha dərin bataqlıq deməkdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: