imgonline com ua resize uuc921brqmwtsq 7twp3.jpg

Sakit okeanın ortasında yerləşən, yalnız dəniz quşlarının olduğu iki kiçik vulkanik ada Fransa ilə Vanuatu arasında beynəlxalq mübahisəyə yol açıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məskunlaşmanın olmadığı bu ərazilər uğrunda iki ölkənin qarşıdurma yaşamasının səbəbləri və adaların strateji əhəmiyyəti diqqət çəkir.

Avstraliyanın şərqində, Vanuatu ada dövləti ilə Fransanın idarəçiliyində olan Yeni Kaledoniya arasında Metyu və Hanter adlı iki vulkanik ada yerləşir. Ümumi sahəsi cəmi 1,3 kvadratkilometr olan bu ərazilərdə daimi insan məskunlaşması yoxdur.

Buna baxmayaraq, hər iki ölkə həmin ərazilərə sahiblik iddiası irəli sürür. Fransa Metyu və Hanter adalarını Yeni Kaledoniyanın tərkib hissəsi hesab edir, Vanuatu isə onları öz suveren ərazisi kimi tanıyır.

Mübahisənin tarixi haradan başlayır?

İki ölkə arasındakı ərazi mübahisəsinin kökləri Vanuatunun müstəqillik əldə etməsindən əvvəlki dövrə gedib çıxır. 1980-ci ilə qədər bu ada dövləti Fransa və Böyük Britaniyanın birgə idarəçiliyi altında olub. Həmin dövrdə də Parislə London arasında Metyu və Hanter adalarının kimə məxsus olması ilə bağlı fikir ayrılığı mövcud idi.

Vanuatu müstəqilliyini elan etdikdən sonra adalar üzərində suverenlik iddiasını rəsmiləşdirib. Ölkə rəhbərliyi mövqeyini yerli əhalinin bu ərazilərlə bağlı əsrlər boyu formalaşmış mədəni və təsərrüfat əlaqələri ilə əsaslandırır.

Fransa isə adalara nəzarətini davam etdirir. Paris vaxtaşırı həmin ərazilərə hərbi ekspedisiyalar göndərir, hətta orada meteoroloji avadanlıqlar da quraşdırıb.

Beləliklə, sahəsi olduqca kiçik olan iki ada Fransa ilə Vanuatu arasında həllini tapmamış ərazi mübahisəsinin mərkəzində qalır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: