Rusiya səfirliyi Moldovada Moskvaya qarşı təxribat hazırlandığını iddia edib. Diplomatik nümayəndəlik Moldova hakimiyyətini gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.
Söhbət necə bir təxribatdan gedir? Kreml Kişinyova qarşı xəbərdarlıqdan başqa hansı addımları ata bilər?
Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Rusiya ilə Moldova arasındakı münasibətlər görünüldüyündən də mürəkkəb və gərgindir:
“Bu gərginlik getdikcə daha da artır və kulminasiya nöqtəsinə yaxınlaşmaqdadır. Belə ki, Moldovanın Qərbə inteqrasiya siyasəti Rusiyanı ciddi şəkildə narazı salıb. Xüsusilə, son dövrlərdə Moldova hakimiyyətinin Rumıniya ilə birləşmək məsələsini gündəmə gətirməsi Moskvanın narahatlığını daha da artırıb.
Bu istiqamətdə artıq bir sıra addımlar atılır. Ölkədə rumın dili dövlət dili səviyyəsinə qaldırılıb. Baxmayaraq ki, moldovan və rumın dilləri bir-birinə olduqca yaxındır. Lakin dövlət qurumlarında çalışan şəxslərin rumın dilindən imtahan verməsi tələb olunur və yalnız bundan sonra onların vəzifəyə təyin edilməsi məsələsinə baxılır.

Mütəllim Rəhimli
Digər tərəfdən, hazırkı Kişinyov hökumətinin siyasəti nəticəsində Rusiyanın Moldova üzərindəki təsir imkanları xeyli zəifləyib. Bu isə rəsmi Moskvanı qane etmir. Məhz buna görə də Rusiya Moldovada hakimiyyətin siyasətinə qarşı çıxan siyasi qüvvələri dəstəkləyir. Azsaylı xalqlar arasında öz təsir imkanlarını qorumağa və genişləndirməyə çalışır. Xüsusilə ölkə daxilində haqları pozulan qaqauzlar rəsmi Kişinyovdansa, Moskvaya daha çox meyl edirlər. Bu da rəsmi Moskvanın Moldovaya qarşı təzyiq siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Zənnimcə, Moskva üçün əsas təxribat Moldovanın Qərbə inteqrasiyası və Rumıniya ilə birləşmək perspektividir. Lakin mövcud geosiyasi şəraitdə bu siyasətin Moldova üçün asan başa gələcəyini düşünmürəm. Əksinə, Rusiyanın hazırkı siyasi mövqeyi və təsir imkanları nəzərə alınarsa, Moldova qarşıdakı dövrdə kifayət qədər ciddi problemlərlə üzləşə bilər.
Moskvanın bu ittihamları çox güman ki, yaxın gələcəkdə Moldova daxilində qarışıqlıq, gərginlik və qarşıdurma yaratmağa hesablanıb”.
Turan Rzayev
Globalinfo.az