islam rzayev 1

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayevin təxminən 3 milyon manat dəyərində əmlakına həbs qoyulub. Söhbət Bakıda yerləşən bir neçə mənzil, bağ evi, qeyri-yaşayış sahələri, üç bahalı avtomobil və Göyçay rayonundakı bağ evindən gedir. Artıq cinayət işi üzrə istintaq yekunlaşıb və İslam Rzayevə qarşı bir neçə maddə ilə yekun ittiham irəli sürülüb. Həmin maddələrin sanksiyasında 10 ildən artıq həbs cəzası nəzərdə tutulur.

Əgər məhkəmə onun təqsirini sübuta yetirsə, əmlakının müsadirə olunması cəzasına necə təsir göstərəcək?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, İslam Rzayevin mənimsədiyi vəsaiti dövlətə geri qaytarması cəzanın yüngülləşdirilməsinə əsas ola bilər:

“Ümumiyyətlə, dəymiş zərərin ödənilməsi yüngülləşdirici hal hesab olunur. Vaxtından əvvəl azadlığa buraxılma məsələsinə gəlincə, bunun üçün ilk növbədə məhkəmənin hökmü qanuni qüvvəyə minməlidir. Bundan sonra, şəxs cəzasını hansı cəzaçəkmə müəssisəsində çəkəcəksə, vaxtından əvvəl azadlığa buraxılma məsələsinə də həmin mərhələdə baxıla bilər. Bir məqamı da nəzərə almaq lazımdır ki, bu, xüsusilə ağır cinayət hesab olunduğundan, şəxs təyin olunmuş cəzanın ən azı dörddə üçünü çəkməlidir. Yaxud ağır xəstəliyi olarsa, qanunvericilikdə nəzərdə tutulan qaydada azadlığa buraxılması məsələsinə baxıla bilər”.

mehman muradli

Əmlakla bağlı məsələyə gəlincə, vəkil bildirib ki, Baş Prokurorluqda müsadirə üzrə müvafiq qurum fəaliyyət göstərir:

“Əmlakların ümumi dəyərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və xüsusi müsadirə ilə bağlı məsələlər araşdırılır. Dövlət ittihamını müdafiə edən prokurorluq tərəfi xüsusi müsadirə məsələsini də müvafiq qaydada həll edir

Ziyanın ödənilməsi cəzanın yüngülləşdirilməsi üçün əsas ola bilər. Lakin vaxtından əvvəl azadlığa buraxılma məsələsi yenə də məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra yaranır. Əgər şəxs məhkəmənin hökmü qanuni qüvvəyə minməmişdən əvvəl dəymiş zərəri ödəyərsə, bu, həm yüngülləşdirici hal kimi qiymətləndirilə, həm də ona daha yüngül cəza təyin olunmasına təsir göstərə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: