“Rusiya rəhbərliyi Avropanın yeni təhlükəsizlik arxitekturasına ehtiyacı olduğunu bəyan etməkdə davam edir. Buna cavab olaraq Avropa İttifaqından bildirirlər ki, NATO onların təhlükəsizliyinin yeganə arxitekturasıdır və bu sistem uğurla fəaliyyət göstərir. Avropalı siyasətçilər hələlik Rusiyanın tələblərini rədd edirlər. Lakin Avropanın yeni təhlükəsizlik arxitekturası məsələsinə məhəl qoymamaq və onu müzakirə etməmək mümkün deyil. Çünki vəziyyət ildən-ilə əhəmiyyətli dərəcədə dəyişib”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının İcra orqanının üzvü Artak Zakaryan deyib.
O qeyd edib ki, Avropada yeni təhlükəsizlik sisteminin yaradılması məsələsi Rusiyanın istəyindən daha çox, ABŞ-ın mövqeyi ilə bağlıdır:
“Təxminən 80 il ərzində ABŞ prezidentinin – demokrat və ya respublikaçı olmasından – asılı olmayaraq, Vaşinqton NATO-ya qeyd-şərtsiz dəstək verib. İndi isə bu dəstək ABŞ-ın daxili siyasi mübahisələrinin əsas mövzularından birinə çevrilib.
Avropalılar artıq ABŞ-a, hətta Prezident Donald Tramp vəzifədən getdikdən sonra da arxayın ola bilməzlər. Heç kim zəmanət verə bilməz ki, növbəti prezident də NATO-ya şübhə ilə yanaşmayacaq. Bu vəziyyəti və Rusiyanın tələblərini nəzərə alsaq, gec-tez Avropa ABŞ-dan mümkün qədər müstəqil olacaq yeni təhlükəsizlik sistemi formalaşdırmalı olacaq. Fikrimcə, belə bir sistem üçün bir neçə prinsipial müddəa xüsusi əhəmiyyət daşıyacaq”.
Zakaryan deyib ki, birinci məqam Avropanın şimalından (şərti olaraq Norveçdən) Qara dənizə qədər uzanan vahid müdafiə xəttinin yaradılmasıdır:
“Aydındır ki, bir neçə cəbhədə deyil, vahid cəbhə boyunca mübarizə aparmaq daha məqsədəuyğundur. Vahid müdafiə xətti və eyni zamanda müxtəlif cəbhələrdə müharibə aparmaq üzrə Avropa strategiyası onun rəqibinin imkanlarını və müdafiə potensialını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. İstisna etmirəm ki, gələcəkdə Avropanın yeni təhlükəsizlik arxitekturası məhz bu prinsipə əsaslanacaq.
İkinci müddəa isə, Rusiyanın tələbinin əksinə olaraq, Avropanın yeni təhlükəsizlik arxitekturasına Ukraynanı da daxil etməyə çalışması olacaq. Hərbi baxımdan tükənməsinə və böyük itkilər verməsinə baxmayaraq, Ukrayna hazırda Avropa regionunun ən döyüş təcrübəli ordusuna malikdir. Bundan əlavə, Ukraynanın formalaşmış hərbi-sənaye kompleksi var ki, bu da hazırda Avropa üçün strateji əhəmiyyət daşıyır.
Avropanın təhlükəsizliyi üçün həm ABŞ-dan hərbi-texnoloji asılılığın azaldılması, həm də öz istehsal imkanlarının yaradılması vacibdir. Bu məsələdə Ukrayna əhəmiyyətli töhfə verə bilər. Bundan başqa, Ukraynanın coğrafi mövqeyi elədir ki, o, istənilən vaxt Rusiya üçün təhlükə yarada bilər”.
Erməni siyasətçi bildirib ki, Avropanın yeni təhlükəsizlik arxitekturasının üçüncü mühüm məsələsi liderlikdir:
“İlk baxışdan belə görünür ki, amerikalılardan sonra Avropada təhlükəsizlik sahəsində liderlik rolunu böyük dövlətlər – Böyük Britaniya, Fransa və Almaniya öz üzərinə götürəcək. Lakin Rusiyadan coğrafi baxımdan uzaqda yerləşdikləri üçün bu ölkələr təhlükəsizlik təhdidlərinə Şərqi Avropa dövlətləri qədər ciddi yanaşmayacaqlar.
Bu, həmin ölkələrin şərq qonşularına dəstək verməkdən imtina edəcəkləri demək deyil. Bununla belə, düşünürəm ki, yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında liderlik şərqə doğru keçəcək.
Aparıcı rolu Skandinaviya ölkələri, Baltikyanı dövlətlər, həmçinin Polşa və Ukrayna oynayacaq. Coğrafi baxımdan bu ölkələr Avropanın müdafiə cəbhəsinin ön xəttində yerləşirlər. Buna görə də onlar digər ölkələrə istiqamət vermək və ya ən azı onlardan müəyyən addımlar tələb etmək hüququ əldə edəcəklər.
Bundan əlavə, bu ölkələrin ümumi əhalisi 100 milyonu ötür, ümumi iqtisadi potensialları isə Avrasiya regionundakı ölkələrlə müqayisədə əhəmiyyətli göstəricilərə malikdir.
Təbii ki, Rusiyada bu təhdidləri aydın şəkildə dərk edirlər. Hətta bu məsələləri bir çox avropalı siyasətçilərdən daha yaxşı anlayırlar. Aydındır ki, Ukrayna müharibəsi başa çatdıqdan sonra avropalılar və ukraynalılar ümumavropa təhlükəsizlik sisteminin yaradılması istiqamətində dərhal əməkdaşlığa başlayacaqlar. Məhz buna görə də rəsmi Moskva NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını və Ukraynanın alyansa üzvlük ideyasından uzaq durmasını tələb edir”.
Artuk əlavə edib ki, Rusiyanın bu sistemi nə dərəcədə qəbul etməsindən asılı olmayaraq, Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılması qaçılmaz xarakter alır:
“Aydındır ki, istər köhnə, istərsə də yeni təhlükəsizlik sistemində Ermənistan üçün yer olmayacaq. Bizim üçün yeni təhlükəsizlik mexanizmi variantları çox deyil. 2018-ci ildən əvvəl mövcud olmuş və fəaliyyət göstərən təhlükəsizlik mühitinin bərpası, hərbi-siyasi öhdəliklərin yenidən qiymətləndirilməsi barədə indidən düşünmək lazımdır”.
Əliyar Xəlil
Globalinfo.az