Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan oyuncaqların təhlükəsizliyinə dair yeni tələblər müəyyənləşdirilib. Bu tələblər məhsulların istehsalında istifadə olunan materialları, konstruksiyasını, kimyəvi tərkibini, fiziki-mexaniki və gigiyenik xüsusiyyətlərini əhatə edir.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkil etdiyi “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda təlimdə qurumun Texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev məlumat verib.
Onun sözlərinə görə, “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” Nazirlər Kabinetinin 7 oktyabr 2026-cı il tarixli 327 nömrəli qərarı ilə təsdiqlənib. Sənəd rəsmi dərc olunduqdan altı ay sonra qüvvəyə minəcək.
Yeni qaydalar musiqi alətləri formasında olan oyuncaqlara, uşaq toplarına, hovuzlara və digər oyuncaq növlərinə şamil ediləcək. Burda əsas məqsəd uşaqların sağlamlığını və təhlükəsizliyini qorumaq, eləcə də istehlakçıların məhsulun təyinatı və təhlükəsizliyi barədə yanlış məlumatlandırılmasının qarşısını almaqdır.
Oyuncaqların müəyyən edilmiş normalara uyğunluğu isə sertifikatlaşdırma yolu ilə yoxlanılacaq.
Ləman İmran
Globalinfo.az