Tehranın “talış kartı” həmləsinə Bakıdan qəti cavab – Əməliyyat

“MOUZE” Teleqram kanalı məlumat yayıb. Bakıda İranın casus şəbəkəsinə qarşı daha bir əməliyyat keçirilib. Nardaran və Maştağa qəsəbəsi ərazisində həyata keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlardan birinin Müsəlman Birliyi Hərəkatının üzvü Tərlan Sayadov olduğu deyilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, əməliyyat ilə bağlı rəsmi məlumat hələlik yoxdur:

“Bununla belə əməliyyatın keçirilməsində təəccüblü heç nə yoxdur. İranın Azərbaycandakı agentura şəbəkəsinə qarşı əməliyyatlar bir ildən artıqdır ki, keçirilir. Bu, dövlət maraqlarımız baxımından atılan zəruri addımdır.

İran, Rəşt şəhəri. “Talış-İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans 

Bu günə qədər keçirilən əməliyyatlar fonunda İranın ölkəmizdəki agentura şəbəkəsinə ciddi zərbə vurulub. Lakin bu, prosesin sonlandığı mənasına gəlmir.

Bu gün iki ölkə arasında rəsmi səviyyədə münasibətlər normallaşma mərhələsinə daxil olsa da pərdəarxasında Tehranın destruktiv mövqeyi davam edir. İranın Rəşt şəhərində İslam Azad Universitetində keçirilən “Talış-İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans buna misal ola bilər”.

“İran ölkəmizə qarşı atdığı bütün neqativ addımların cəzasını misli ilə alacaq. Bizim heç vaxt qonşularımızla düşmənçilik etmək niyyətimiz olmayıb. Amma qarşı tərəfin atdığı addımlara da səssiz qalınmamalıdır” – Qabil Hüseynli bildirib.

Turan Rzayev
Globalinfo.az