Atatwrk

Şuşada küçələrdən birinə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adının verilməsi ölkəmizdə xoş qarşılanıb. Əksər rəylərdə bildirilir ki, bu addım Azərbaycanın Türkiyəyə olan münasibəti, dəstəyi və sayğısıdır. Bu həm də onu göstərdi ki, əlaqələr çox dərindir. Məsələ təkcə iki Prezidentin dostluq, müttəfiqlik büsatı deyil, bunun dərin qatları, kökləri var. Bu addımda Şuşa Bəyannaməsinin imzalanmasına aid simvolika tapmaq da mümkündür.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu Şuşada məhz indiki zamanda bu addımın atılmasının böyük məna kəsb etdiyini bildirib:

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı xalqa müraciətini Şuşadan ünvanladı. Prezident müraciətində Şuşanı tarixi qələbəmizin rəmzi adlandırdı. Əlbəttə, Azərbaycanı zəfərə aparan yolun təməli Heydər Əliyev tərəfindən qoyulub. Bu mənada Azərbaycan Prezidentinin Şuşadan müraciətini də rəmzi hadisə adlandırmaq olar. Çünki Ulu Öndərin ən böyük arzusu və vəsiyyəti Şuşanın azad edilməsi idi.

Hikmt Babaolu

2023-cü il həm Ulu Öndər Heydər Əliyevin anadan olmasının, həm də qardaş Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümüdür. Qardaş ölkənin qurucusu Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” demişdi. Böyük dövlət xadimi Heydər Əliyev isə Türkiyə və Azərbaycanı “Bir millətin iki dövləti” adlandırmışdır. Bu təntənəli günlərdə Şuşa şəhərində “Heydər Əliyev” və “Atatürk” küçələrinin açılması da özlüyündə tarixi rəmzi hadisədir. Eyni zamanda hər iki böyük liderin Azərbaycanın gələcəyi, Türkiyə-Azərbaycan münasibətlərinin məzmunu və məntiqi ilə bağlı söylədiyi fikirlərin, çağırışların məhz 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə hüquqi-siyasi müstəviyə daşınması ilə yekunlaşdı. Belə düşünmək olar ki, bu iki dahi şəxsiyyətin arzuları Azərbaycan xalqı və bütün türk dünyasının Şuşaya dönüşü ilə yadda qaldı”.

Deputat vurğulayıb ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır:

“Həmçinin qardaş Türkiyə bu gün yenidən tarix qarşısında imtahan verir. Bir neçə gün sonra yeni gələcəyə gedən yolda kritik mərhələdən keçəcəkdir. Hesab edirəm ki, Türk dünyasının gələcəyini düşünənlər, onu bir arada görmək istəyənlər məhz bu mesajı da nəzərə almaqla bu birliyin Şuşadan, Zəngəzurdan keçdiyini dərk edərək qərar qəbul edəcəklər”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: