Supergüclərin gözü Bakı və İrəvanda – “Topdağıtmaz qala” necə olacaq?

Cənubi Qafqaz yenidən gərginlik ocağına çevrilib, hərbi toqquşma anonsu verilir. Bəs böyük güclərin buradakı maraqları nədən ibarətdir? ABŞ, Aİ, İsrail, Rusiya, Türkiyə, İran, Çin – bunların Qarabağ məsələsinin həllinə və Cənubi Qafqazda proseslərin inkişafına yanaşmaları necədir? Hansı dövlət sülhdən yanadır, hansı savaşdan?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Cənubi Qafqazda daimi və topdağıtmaz sülh qalasının tikiləcəyini proqnozlaşdırmaq çətindir:

“Çünki ortada dərin tarixi-siyasi kontekstin izləri qalmaqdadır və regionda marağı olan Rusiya, İran, Türkiyə, ABŞ, Böyük Britaniya, Fransa özlərinin buraxdığı ləpirlərə yenilənən maraqlarını hopdururlar.

Ən dərin və maraqları daha keçmiş zamanlara söykənən Rusiya, İran və Türkiyənin addımlarına nəzərə yetirəndə regionun həssaslığı barədə təsəvvürlər daha da işıqlanacaq.
Bunlar Cənubi Qafqazda proseslərin sülh rejimində inkişafına maneə yaradır, çünki sülh və təhlükəsizliklə bağlı qavrayışlar bir-birilə uyuşmur.

Aqşin Kərimov

Türkiyənin siyasəti konstruktivdir, regiondakı fəaliyyətinin təhlili belə deməyə əsas verir ki, Ankara sülh və təhlükəsizliyə töhfə vermək üçün enerji sərf edir.

Rusiya və İranın isə məntiqləri həm bir-birilə tarixi rəqabətin izlərini davam etdirmək, həm də onların beynəxalq sistemə qarşı müqavimət oxu yaratmaq ideallarından dolayı başqa meyarlarla inkişaf edir”.

Politoloq qeyd edib ki, regionda digər oyunçuların praktiki fəaliyyət keyfiyyətlərində də dəyişikliklər və aktivliklər gözə çarpır:

“Artıq Cənubi Qafqazda İsrail, Pakistan, Hindistan, Çin kimi güclər də özlərinə geniş yer etmək üçün strategiyalarını qiymətləndirirlər.

Bütün oyunçuların bir-birilə əməkdaşlıq modunu və rəqabət müstəvisini analiz edəndə ən azından yaxın 20 il üçün Cənubi Qafqazın xoşbəxtlik marşrutunda deyil, Yaxın Şərqə bənzəyən trayektoriyada qalacağına inam çoxalır.

Bunlar oyunçuların maraqlarının konseptual izahı ilə gəlinən nəticələrdir. Hələ bura həmin maraqlardakı terrorizm, separatçılıq kimi məsələləri də əlavə edəndə hər detalın bir problem olduğu üzə çıxır”.

Turan Rzayev
Globalinfo.az