Sülhməramlılar Qarabağdan çıxır: bu rayona yerləşir – İlginc versiya

 

Qazaxın işğal altındakı kəndlərinin geri qaytarılması məsələsində mürəkkəb detallardan biri də anklav ərazilərdə təhlükəsizliyin təmin edilməsidir. Bildirilir ki, anklav kəndlər qaytarılsa belə, burada ermənilər və azərbaycanlılar bir-birilərinə çox yaxın yaşamaq məcburiyyətində qalacaqlar. Belə olan təqdirdə bir sıra təhlükəsizlik problemləri yarana bilər.

Versiyalardan biri Qazaxın kəndlərinə, xüsusən anklavlara Qarabağdakı Rusiya sülhməramlılarının yerləşdirilməsidir. Belə ki, Xankəndidə onsuz da heç bir funksiyası qalmayan sülhməramlıların ölkənin mərkəzindən çıxarılıb sərhədə göndərilməsini daha məqsədəuyğun hesab edənlər var.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, əslində, Azərbaycan və Ermənistan arasında delimitasiya, demarkasiya prosesinin uzanması səbəbsiz deyil:

“Problemi yaradan təkcə Ermənistanın mövcud hakimiyyəti deyil, Rusiyanın da rolu danılmazdır. Rəsmi Moskva Ermənistan-Azərbaycan sərhədində özünü göstərmək, hərbi baza yaratmaq istəyir. Bu da işğal altında olan kəndlərin geri qaytarılmasına mənfi təsir edir. Yəni Rusiyanın məqsədi nəinki o ərazilərə sülhməramlı yerləşdirmək, hətta daha çox hərbi baza yaratmaqdır”.

F.Ələkbərlinin sözlərinə görə, Kreml onsuz da Qazaxın işğalda olan 7 kəndinə yaxın ərazilərdə hərbi bazalar inşa edir:

“Ermənistan rəhbərliyi aciz qalıb, rəsmi Moskva da vəziyyətdən sui-istifadə edir. Qarabağdakı sülhməramlıların ciddi funkasiyası qalmayıb, buna görə də Rusiya onların Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsinə razı ola bilər”.

Politoloq qeyd edib ki, Azərbaycanın 4 kəndin geri qaytarılması üçün hərbi əməliyyatlar keçirməsi mümkündür:

“Ermənistan rəhbərliyi torpaqları geri qaytarmaqdan çəkinir və Azərbaycanı yeni əməliyyatlara təşviq edir”.

Safura Bənnayeva
Globalinfo.az