Aksiyanın dayanmasının ilginc səbəbi – Sülhməramlılar Xankəndidə nəyə hazırlaşır?

Proseslər onu göstərir ki, Bakı-İrəvan-Vaşinqton arasında razılıq mövcuddur. Digər tərəfdən Moskvanın son bir həftədəki aktivliyi nümayiş etdirir ki, Rusiya ilə razılıq əldə olunmaq ərəfəsindədir. Əgər birinci variantda razılıq sülh razılaşması ilə bağlıdırsa, Moskva ilə bunun hansı istiqamətdə olacağını söyləmək çətindir. Ümumilikdə Rusiyada Zəngəzur və sərhədlərin delimitasiyası ilə bağlı da hansısa ciddi qərarın olacağı gözləniləndir. Atılan son addımlar, Bakının Moskva və İrəvandan səsləndirilən görüş bəyanatlarına səssizliyi hələlik sövdələşmələrin aparıldığını deməyə əsas verir. 

Əslində, Laçın yolunda aksiyanın dayandırılması da buna sübut ola bilər. Yəni bir növ, Bakı həm Moskva, həm İrəvana baş tutacaq görüş fonunda jest edir. Bu da öz növbəsində Rusiya və Ermənistan tərəfindən Bakının tələblərinin qəbul edildiyini təxmin etməyə imkan verir. Yayılan bəyanatda aksiyanın müvəqqəti dayandırılması ifadəsinin yerləşdirilməsi isə müəyyən məsələlərdə fikir ayrılıqlarının qaldığını göstərir. Moskvada bu narazılıqların tam ortadan qalxacağı inandırıcı görünmür. Burada önəmli məsələ budur ki, Qərbdə planlaşdırılan görüşdən öncə Kreml sülh mətni ilə tanış olacaq və dolayı yolla sülh müqaviləsinin imzalanması üçün “xeyir-dua” verməyə cəhd edəcək (Rusiyasız dayanıqlı sülhün əldə olunması mümkün deyil). İrəvanın məhz bu dönəm ərzində Bakının sülh müqaviləsi təklifinə cavab verməməsi və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu gün öz addımlarını Azərbaycanla tezliklə görüşün olacağı ilə əsaslandırması Paşinyan hökumətinin artıq mətni qəbul etdiyini göstərir.

Maraqlı olan isə aksiyanın dayandırılmasının hansı razılıqların əldə olunduğu sualını ortaya çıxarmasıdır. Hələlik separatçıların Bakının əsas tələbləri ilə razılaşdığını güman etmək olar. Bakının əsas tələbləri isə reinteqrasiyanı başlatmaq, yataqların istifadəsini razılaşdırmaq, silahlı birlikləri bölgədən çıxarmaqdır. Görünür, Laçında sərhəd-keçid məntəqəsinin quraşdırılmasından sonra Moskva erməniləri bu tələblərin bir qismini qəbul etməyə razı salıb. Üstəlik, silahlı birliklərin “polis patrul dəstələrinə” tranformasiyası ehtimalı da hələ prosesin ilk günlərindən səsləndirilən təxminlərdən biridir.

Burada başqa bir məqam isə 10 noyabr bəyanatının qüvvədən düşməyə (sərhəd-keçid məntəqəsinin açılması faktiki bu mənaya gəlir) başlamasıdır. Bu isə Rusiya sülhməramlılarının Qarabağda qalmasını qanunsuz edir. Lentsov kimi şəxsin bölgəyə göndərilməsi və onun gəlişi fonunda Xankəndidə qalmasının müvəqqəti olacağına dair informasiyaların Rusiyanın nəzarətindəki media orqanları vasitəsilə yayılması Kremlin də artıq Qarabağı tərk etməsi prosesini nəzərdən keçirdiyini göstərir. Məsələ isə Qarabağı necə və hansı səviyyədə tərk etməkdir. Hələlik açıqlamalardan aydın olan bunun üçün leqal əsasların yaradılmağa başlamasıdır. Lakin bu o demək deyil ki, sülhməramlılar sabah durub Qarabağdan gedəcəklər. Moskva proseslərin Ermənistana transformasiyasını aparır, Azərbaycan isə verdiyi açıqlamalar və bəyanatlarla bunun öz maraqlarına uyğun formada gerçəkləşməsinə çalışır.

Bir sözlə, qarşıda çox maraqlı üçtərəfli görüşlər var və bu görüşlərdən pozitiv nəticələr çıxması ehtimalı getdikcə artır.

İlkin Həsənov
Globalinfo.az