Sosial ödənişlər üçün ayrılan büdcə vəsaiti yetərlidirmi? – Nazirlikdən açıqlama

 

Hazırda Milli Məclisdə Pensiya Fondunun büdcəsi ilə bağlı müzakirələr gedir. 

“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 6 milyard 263,97 milyon manat, xərcləri 6 milyard  263,97 milyon manat proqnozlaşdırılır.

Bəs müharibə iştirakçılarına, şəhid ailələrinə və digər həssas sosial qruplara ayrılan məbləği qənaətbəxşdirmi?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Globalinfo.az-a açıqlama verərək bildirib ki, ölkəmizdə sosial sahədə aparılan islahatlar çərçivəsində sosial ödənişlərin də ardıcıl olaraq artırılması təmin edilir:

“Xüsusilə son 4 ildə bu istiqamətdə üç sosial islahat paketi həyata keçirilməklə, bu artımlar üçün əlavə olaraq illik 6 milyard manat vəsait ayrılıb. Yəni sosial ödənişlər üçün bir il ərzində ödənilən vəsaitlərdə 6 milyard manatlıq bir artıma nail olunub. Həmin dövrdə minimum aylıq əməkhaqqı 2,3 dəfə, orta aylıq əmək haqqı 53 faiz, əmək müqavilələri 30 faiz, əməkhaqqı fondu 2,2 dəfə, minimum aylıq pensiya 2,2 dəfə, orta aylıq pensiya 80 faiz artıb”.

Fazil Talıbov: "15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb" | Kaspi.az

Fazil Talıbovun sözlərinə görə, sosial ödənişlərdə davamlı olaraq hər il artım baş verir:

“Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün gəlirləri (6 mlrd. 264 milyon manat) da 2022-ci ilin proqnoz gəlirlərindən 658 milyon manat (və ya 12 %) çoxdur ki, bu da Fondun əhaliyə ödənişlərində gələn il də artım olacağını göstərir.

Şəhid ailələri və müharibə iştirakçıları, digər həssas sosial qruplar da dövlətin sosial dəstəyi ilə əhatə olunub. 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial dəstək proqramı icra olunur ki, artıq bu proqram üzrə 119 min şəxsə dəstək yönümlü 249 min xidmət göstərilib”.

ƏƏSMN-nin sözçüsü deyib ki, o cümlədən, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib:

“Qeyd olunan dövrdə 300-dən çox, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 101 min şəxsə 113 min sosial ödəniş (pensiya, müavinət, təqaüd)  təyin olunub. 15,6 min şəxs aktiv məşğulluq (o cümlədən 8,8 min şəxs özünüməşğulluq) proqramlarına cəlb edilib və s.

2021-ci ilin əvvəlindən şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən müavinətlər orta hesabla 60 faiz artırılıb. Ümumilikdə, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxsləri də əhatə edən sosial müavinət və təqaüd ödənişləri son 4 ildə 3,5 dəfə artıb”.

Gülnar Səlimova
Globalinfo.az