Sərhədlərimizdə kritik gəlişmə: ərazilər “kəşfiyyatçılar”dan təmizlənir?

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalya Diplomatiya Forumunda müzakirələr zamanı bildirib ki, “İrəvan və Bakı arasında sülh Avropa İttifaqı missiyasını Ermənistandan çıxarmağa imkan verəcək”.

Maraqlıdır, Avropa İttifaqının “müşahidə missiyası” Ermənistanı tərk edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, “Bakı ilə İrəvan arasında sülh” yanaşması sülhün necəliyini və xarakterini açmır, sadəcə, ümumi şablon məna yükləyir:

“Çünki sülhə dair məntiqlər fərqlidir. Hələ nəzərə alanda ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlər mürəkkəbdir, onda təzadlı yanaşmalar da çoxalacaq.

Avropa İttifaqı sülhü konkret necə görür? İttifaqdakı konstruktiv qüvvələr sülhün təsvirini tərəflərdən birinin fövqəlüstünlüyü formasında təsbit etməyə bilər. Yəni bu, neytrallıq kodeksidir, lakin bir məqam nəzərdən qaçmalı deyil: nə qədər bitərəf olmağa çalışsan da, bu, Azərbaycanın geosiyasi reallıq yarada bilmək bacarığı və hərbi qüdrətini arxa plana ata bilməz.

Deməli, Avropa İttifaqındakı neytral vasitəçilik statusunda maraqlı olanların özləri belə instinktiv olaraq Azərbaycanın geosiyasi üstünlüklərini qəbul etmək məcburiyyətindədirlər”.

Ekspert hesab edir ki, Avropa İttifaqında Şarl Mişel və Toivo Klaar Azərbaycana münasibətdə konstruktiv mövqedədirlər:

“Ancaq Avropa İttifaqında Fransanın inhisarçılıq cəhdləri sülhlə əlaqədar mürəkkəb məsələləri həll etmək əvəzinə onu daha da dərinləşdirir.

Fransa və onun himayəsində fəaliyyət dairəsi cızanların məqsədi Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərini korlamaq, Bakını Qərblə Rusiya arasında gərginləşən münasibətlər arasında sıxışdırmaqdır.

Avropa İttifaqının Ermənistandakı adı monitorinq, özü isə kəşfiyyatla məşğul olan missiyası həmin gizli gündəliyin narrativlərini icra edir.  Bu mənada onun indiki məqam üçün geri çəkilməsi ehtimal olunan versiya deyil. Çünki Rusiya ilə Qərb arasındakı qarşıdurmanın Cənubi Qafqaz xətləri çəkilməyə davam edir.

Amma bir nüans diqqət çəkir: Bakı ilə Avropa İttifaqı danışıqlarında Azərbaycan təkidlə həmin qoşunların regionu tərk etməsinə israr edir”.

Turan Rzayev
Globalinfo.az