Sərhəddə görüş: daha bir mühüm məsələ gündəmə gəldi

Azərbaycan XİN sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşünün noyabrın 30-da keçiriləcəyini açıqlayıb. Bildirilib ki, görüş Azərbaycan-Ermənistan dövlət sərhədində baş tutacaq.

Tərəflərin yenidən danışıqlar masasına qayıtması bir çox faktorlarla yanaşı, vaxtilə öz tarixi yurdlarından didərgin salınmış 600 min azərbaycanlının Qərbi Azərbaycana qayıtmasını da gündəmə gətirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, azərbaycanlıların öz yurdlarına, Qərbi Azərbaycana qaytarılması vacibdir:

Akif Nağı 

“Son 100 il ərzində soydaşlarımız torpaqlarından didərgin salınıb. XX əsrin əvvəllərində 500 mindən artıq azərbaycanlı həmin ərazilərdə yaşayırdı. Soydaşlarımız öz qədim yurd-yuvalarından qanunsuz yolla çıxarılıblar”.

Onun fikrincə, 500 min azərbaycanlı beynəlxalq hüquq normalarına uyğun olaraq həmin ərazilərə qayıtmalıdır:

“Ermənistanın həmin şəxslərin təhlükəsizliyini təmin edib-etməyəcəyi elə də əhəmiyyətli məsələ deyil. Əsas odur ki, rəsmi İrəvan bununla razılaşsın və beynəlxalq təşkilatlar məsələ ilə əlaqədar təkid etsinlər. Birinci şərt budur. Azərbaycanlılar öz yurdlarına qayıdarsa, ermənilərin də Qarabağa qayıtması mümkündür. Bu zaman Azərbaycan qanunlarına uyğun olaraq vətəndaşlıqlarını yenidən bərpa edib yaşaya bilərlər. Rəsmi Bakı bütün vətəndaşlar kimi həmin şəxslərin də hüquq və təhlükəsizliyini təmin edəcək”.

Safura Bənnayeva
Globalinfo.az