Şəkidə zəhərlənən 24 şagird və 3 müəllimdən xəbər var – YENİLƏNİB

Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar xəstəxanada müalicə alan digər 4 nəfər də evə buraxılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, onların vəziyyəti yaxşıdır.

Günorta saatlarımda isə 23 nəfər ambulator müayinə üçün evə buraxılmışdı.

TƏBİB-dən verilən məlumata görə, vəziyyətləri qənaətbəxş olan 23 nəfər isə tibbi xidmət aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, bu gün Şəkidə orta məktəbin 24 şagirdi və 3 müəllimi zəhərlənib.

Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.

Hadisə ilə bağlı müvafiq qurumlar araşdırma aparır.

***15:08

Şəki-Zaqatala regional təhsil idarəsi orta məktəbdə baş verən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb.

Globalinfo.az xəbər verir ki, açıqlamada deyilir:

“Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınmışdır. Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılmışdır. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar.

Narahatçılıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir.

İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olmuşdur. Belə ki, 23 may tarixində hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.

Hadisə haqqında əlavə məlumat veriləcək”.

***14:53

Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.