Sabiq və hazırkı məmurların mal varlıqları ilə bağlı vaxtaşırı müxtəlif məlumatlar yayılır. Məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovun Almaniyada 24 hektar torpaq sahəsinə sahib olması, Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilən bazarın satışa çıxarıldığı barədə xəbərlər yayılıb. İddia olunur ki, bu cür əmlakları yalnız rəsmi maaş hesabına əldə etmək mümkün deyil. Bu da həmin əmlakların onların vəzifədə olduqları dövrdə toplandığı ehtimalını gündəmə gətirir.
Belə məlumatlar korrupsiya və ya dövlət vəsaitinin mənimsənilməsi faktlarının araşdırılması üçün əsas ola bilərmi?
Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycanda məmurların gəlir və əmlak bəyannaməsi ilə bağlı qanunvericilik mövcuddur:
“Hələ 2005-ci ildə “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi haqqında” qanun qəbul edilib və bu qanun vəzifəli şəxslərin mütəmadi olaraq gəlir və əmlakları barədə bəyannamə təqdim etməsini nəzərdə tutur. Qanunda həm bəyannamənin məzmunu, həm də təqdim olunması ilə bağlı əsas müddəalar əksini tapsa da, onun tətbiqi üçün zəruri olan bəyannamə forması uzun illərdir Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Nəticədə qanun faktiki olaraq icra edilmir. Belə olan halda vəzifəli şəxslərin sahib olduqları əmlakın və gəlirlərinin mənşəyi ilə bağlı ictimai suallar cavabsız qalır. Çünki bəyannamə sistemi işləmədiyi üçün illər ərzində əmlakın necə əldə edildiyini izləmək mümkün olmur. Əgər bu mexanizm vaxtında tətbiq olunsaydı, sonradan ortaya çıxan əmlak və ya sərvətlə bağlı əsaslı izahat tələb etmək daha asan olardı”.
Hüquqşünasın sözlərinə görə, bəyannamə institutu korrupsiyaya qarşı mübarizənin əsas alətlərindən biri hesab olunur:
“Dünyanın bir çox ölkəsində bu mexanizm şəffaflığın artırılması, maraqlar toqquşmasının qarşısının alınması və dövlət idarəçiliyində ictimai etimadın gücləndirilməsi məqsədilə tətbiq edilir. Azərbaycanda isə qanun mövcud olsa da, onun tam icra edilməməsi korrupsiyaya qarşı mübarizənin institusional baxımdan yetərincə effektiv olmadığı barədə müzakirələrə səbəb olur”.
Zaira Akifqızı
Globalinfo.az