1750279264042132 NjKfaEyz 4

Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verilmiş razılığı geri götürüb və ölkədəki Höte İnstitutunun mədəniyyət mərkəzlərinin fəaliyyətinə xitam verilməsini tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Moskva bu qərarı Almaniyanın Rusiyanın Bonndakı Baş Konsulluğunu bağlamaq və Berlindəki “Rus Evi”nin fəaliyyətinə son qoymaq qərarına cavab olaraq qəbul edib.

Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu 18 sentyabrdan gec olmayaraq fəaliyyətini dayandırmalıdır. Konsulluğun bütün əməkdaşları da həmin tarixədək Rusiyanı tərk etməlidirlər.
Höte İnstitutunun Rusiyadakı mədəniyyət mərkəzlərinin də bağlanması tələb olunur. İnstitutun ezam olunmuş əməkdaşları isə 13 sentyabradək Rusiyanı tərk etməlidirlər.

Rusiya XİN-in müvafiq notaları Almaniyanın müvəqqəti işlər vəkilinə təqdim edilib.

Xatırladaq ki, Berlin sentyabrın 1-də Rusiyaya qarşı bir sıra tədbirlər elan edib. Buna səbəb Almaniya hakimiyyətinin Moskvanı Leypsiq hava limanında hücum cəhdi ilə əlaqələndirməsi olub. Avqust ayında hava limanında Ukraynaya məxsus nəqliyyat təyyarəsinin yaxınlığında detonatorla təchiz edilmiş pilotsuz uçuş aparatı aşkarlanıb.

Almaniya Rusiyanın Bonndakı Baş Konsulluğunu sentyabrın 18-dən bağlamaq, Berlindəki “Rus Evi”nin fəaliyyətinə dair razılaşmanı ləğv etmək qərarına gəlib.

Qeyd edək ki, Berlindəki “Rus Evi” Rusiyadan kənarda qurumun ən böyük nümayəndəliyi olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: