Sabiq müdafiə nazirinin əmisi oğlu Ermənistanda həbs edildi

Gürcüstanın keçmiş müdafiə nazirinin əmisi oğlu Mixail Benimini Ermənistanda həbs edilib.

Globalinfo.az xəbər verir ki, Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvilinin əmisi oğlu Mixail Benimini qlobal investisiya fırıldaqçılığı şəbəkəsi ilə əlaqəli olduğu üçün Ermənistanda həbs edilib. Məlumata görə, həm İsrail, həm də Gürcüstan vətəndaşı olan Benimini Almaniya prokurorluğunun tələbi ilə saxlanılıb. İstintaq onun şəbəkənin Albaniyadakı filialına rəhbərlik etməsindən şübhələnir.

Onun həbsi ilə bağlı Gürcüstan və Almaniyanın rəsmi qurumları heç bir əlavə şərh verməyib. Benimin 11,5 milyon dollarlıq gəlirini gizlətdiyi üçün İsraildə də araşdırılır. Biznesmenin adı Tbilisi və digər şəhərlərdə ofisləri olan beynəlxalq kölgə şəbəkəsinin fəaliyyəti ilə bağlı araşdırmalarda hallanır.

David Kezeraşvili istintaq zamanı şəbəkənin mərkəzi fiquru kimi təqdim edilib. Hərçənd, bununla bağlı konkret sübut yoxdur. Buna baxmayaraq mənbələr Gürcüstanın keçmiş müdafiə naziri ilə şəbəkədə birbaşa iştirak edən şirkətlər və iş adamları arasında mümkün əlaqələrin olduğunu istisna etmirlər. Xüsusilə qeyd olunub ki, Kezeraşvili sosial şəbəkələrdəki şəxsi hesablarında tez-tez saxta ticarət platformalarını reklam edir.

Kezeraşvili isə jurnalistlərin ittihamlarını rədd edib. O, təqsirsizliyini sübut etmək üçün “hər bir qanuni rıçaqdan” istifadə edəcəyinə söz verib. Bunun ardınca isə Britaniya Yayım Korporasiyası haqda məhkəməyə müraciət ünvanlayıb.

Əliyar Xəlil
Globalinfo.az