Rusiya sərhəd xidmətinin hərbçiləri 32 ildən sonra “Zvartnots” keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi funksiyalarını Ermənistana təhvil veriblər.
Bununla bağlı protokol imzalanıb. Beləliklə, Ermənistan 1 avqust tarixindən “Zvartnots” aeroportunda keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi işini özü yerinə yetirməyə başlayıb.
Maraqlıdır ki, iyunun 12-də Rusiya hərbi kontingentinin sonuncu hissəsi də Xocalıdan çıxmışdı. Ermənistanda isə bu proses ABŞ-ın Ermənistan ordusu ilə birgə hərbi təlimlər keçdiyi, Fransa təyyarəsinin “Zvartnots” aeroportuna enməsi, Aİ-nin hərbi missiyasının Ermənistan ərazisində qalması fonunda baş verir.
Bu, bütövlükdə Rusiyanın Qafqazdan çıxması anlamına gəlir? Baş verənlər ABŞ-la Rusiya arasında “Qafqaz sənin, Ukraynanın yarısı mənim” anlaşmasının anonsudur? Nə baş verir? Ruslar Gümrüdəki hərbi bazadan da çıxacaqmı?
Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, dünya siyasətində ABŞ və Rusiya arasında bir qarşıdurma var:
Azad Məsiyev
“Bu qarşıdurmanın birinci episentri Ukraynadırsa, ikinci episentri Cənubi Qafqazdır. ABŞ Rusiyanı düşmən elan edib, bu ölkəni dünya siyasi arenasından çıxarmaq üçün Kreml ətrafında qaynar ocaqlar yaradır. Xüsusilə bu siyasət çərçivəsində Rusiyanın ətrafında olan ölkələri öz tərəfinə çəkməyə çalışır. Bu baxımdan Cənubi Qafqaz hazırda böyük güclərin diqqət mərkəzindədir.
ABŞ Ermənistan üzərindən Cənubi Qafqaza girmək istəyir. Bu məqsədlə ilk iş olaraq Ermənistanda “Soros fondunun” maliyyə dəstəyi ilə Nikol Paşinyan hakimiyyətə gətirildi. Onun əsas öhdəliyi odur ki, Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətsin. Məhz bundan sonra o, Ermənistanı Qərbin təsirinə salmalıdır.
Bu gün görürük ki, Paşinyan məhz bu siyasəti yerinə yetirir. Nikol ictimai rəyi antirusiya siyasətinə yönəlib”.
Ekspert deyib ki, bu gün Rusiyanın Ermənistana həm iqtisadi, həm hərbi, həm də siyasi təsiri var:
“ABŞ bu təsirin fərqindədir. Rusiya təsirinin zəifləməsi və tamamilə bitməsi üçün Vaşinqtonun konkret planları var. Hətta mən deyərdim bu planlar bu gün belə icra edilir. ABŞ və Qərbin Ermənistanda planlarını icra etmək üçün “Zvartnots” aeroportuna ehtiyacı var. Biz görürük ki, artıq bu istiqamətdə də işlər başlayıb. Bu o baxımdan vacibdir ki, Qərb və ABŞ silahlıları məhz bu aeroport vasitəsilə tədricən Ermənistana gəlib yerləşəcək.
Ermənistanda artıq bütün strukturlarda Sorosun kadrları yerləşib. İctimai rəyə məhz bu şəxslər təsir edir. Bunun nəticəsi olaraq İrəvanda ciddi bir antirusiya düşüncəsi hakimdir. Yəni ABŞ-la Rusiya arasında hansısa razılıq yoxdur. Əksinə, tərəflər həm Ermənistanda, həm Gürcüstanda, həm də Ukraynada qarşı-qarşıya gəlir. Özü də bu mübarizə gündən-günə şiddətlənir”.
Hərbi ekspert Ədalət Verdiyev isə Globalinfo-ya deyib ki, Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılması yeni bir proses deyil:
Ədalət Verdiyev
“Bu proses Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə paralel olaraq başlayıb. O, rus qoşunlarını Ermənistandan çıxarmaq üçün Qərb qarşısında öhdəlik götürüb. Bu gün də bu öhdəlik məqsədyönlü şəkildə davam edir.
“Zvartnots” aeroportunda rus kontingentinin sayı kifayət qədər məhdud idi. Yəni onların hava limanından çıxarılması siyasi addımıdır. Bununla ABŞ Ermənistanda Rusiya üzərində üstünlük əldə etmiş oldu.
“Zvartnots” aeroportundan çıxan rus kontingenti Ermənistanı büsbütün tərk etmir. Onlar sadəcə Ermənistanın digər sərhəd bölgələrinə yerləşib xidmətlərini orada davam etdirəcək. Təbii ki, Ermənistan bütün rus hərbiçilərinin ölkədən çıxarılmasında maraqlıdır. Əsas məsələ onları kimin əvəz etməsidir. Ermənistan İran və Türkiyə ilə olan sərhədlərini qorumaq üçün ən azı beş min nəfərlik bir kontingentə sahib olmalıdır. İrəvanın özü daxili potensialı hesabını bunu edə bilmir.
Düşünmürəm ki, Rusiya Ermənistandan Ukrayna qarşılığında əl çəksin və ABŞ-la sövdələşməyə getsin. Rəsmi Moskva belə bir razılaşmaya getməyəcəyi kimi Ermənistandan da rahatlıqla çıxmayacaq. Bu baş verərsə, Ermənistanı Suriyanın aqibəti gözləyir”.
Turan Rzayev
Globalinfo.az