Putin 113 900x623 2

Rusiya Prezidenti Vladimir Putin Finlandiya lideri Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı zamanı Donbas məsələsində kompromisə getməyəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Putin finlandiyalı və norveçli liderlərə Rusiyanın Ukraynanın bütün Donbas ərazisini ələ keçirmək məqsədindən geri çəkilməyəcəyini bildirib. Avropa liderləri isə buna cavab olaraq “ədalətli” sülhün zəruri olduğunu vurğulayıblar.

Kremlin telefon danışığının yekunlarına dair açıqlamasında isə bildirilib ki, ədalətli və uzunmüddətli sülhə yalnız Rusiyanın “qanuni maraqları” tam və qeyd-şərtsiz nəzərə alındığı təqdirdə nail olmaq mümkündür.

Agentliyin həmsöhbəti onu da qeyd edib ki, Avropa İttifaqına üzv ölkələrin liderləri arasında Putinlə telefonla sonuncu dəfə Fransa Prezidenti Emmanuel Makron danışıb. Onların əvvəlki telefon danışığı iyul ayında baş tutub. Mənbənin sözlərinə görə, həmin söhbət ictimaiyyətə açıqlanmayıb və heç bir nəticə verməyib.

“Bloomberg”in məlumatına görə, Stubb və Störe Avropanın gələcək təhlükəsizlik arxitekturasının müzakirələrində iştirak etməyə çalışırlar. Çünki Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticəsi həm onların ölkələrinin, həm də bütövlükdə Avropanın təhlükəsizliyinə birbaşa təsir göstərəcək.

Agentlik vurğulayır ki, Finlandiya və Norveç liderləri Avropanın bütövlükdə adından çıxış etmədiklərini, telefon danışığında öz ölkələrinin rəhbərləri kimi davrandıqlarını bildiriblər.

“Bloomberg” qeyd edir ki, telefon danışığı müharibənin dayandırılması istiqamətində diplomatik səylərin yenidən intensivləşdiyi bir vaxta təsadüf edib. Nəşrin məlumatına görə, Stubb və Störe Putinlə təmaslarını Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə gələn ay Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqların hazırlığı ilə əlaqələndiriblər.

Ukrayna Prezidenti Volodimir Zelenski də Aleksandr Stubb və Yonas Qar Störe ilə danışaraq onların Putinlə söhbətini müzakirə edib.

Zelenskinin sözlərinə görə, avropalı diplomatlar Rusiya liderinə Ukraynanın enerji və infrastruktur obyektlərinə qarşı hücumların azaldılması, gərginliyin səngidilməsi istiqamətində real addımların atılmasının zəruri olduğunu açıq şəkildə bildiriblər.

Ukrayna Prezidenti, həmçinin noyabr ayında keçirilməsi planlaşdırılan Ukrayna–ABŞ–Rusiya üçtərəfli görüşünə hazırlıq məsələsinin müzakirə olunduğunu da qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: