saakashvili 770x 1771055879824

“Karma çox pis şeydir. Mən həbs ediləndə hələ də nisbətən müstəqil nəzarət institutları vardı – Londa Tolorayanın rəhbərlik etdiyi Müfəttişilik Xidməti və ombudsman Nino Lomxariyanın qurduğu müstəqil tibbi konsilium”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili keçmiş baş nazir İrakli Qaribaşvili ilə bağlı baş verənləri şərh edərkən deyib

“Məni Rustavidən Qldaniyə aparanda cəmi beş günə tələm-tələsik tikilmiş “xəstəxanada” bir neçə gün döydülər, cinayətkarların arasına atdılar. Kamerada daim terrora məruz qoyurdular. Tolorayanın xidməti işə qarışdı, səriştəli müstəntiqlər göndərdi. Onlar bədənimdəki xəsarətləri sənədləşdirdilər, cırılmış paltarlarımı götürdülər, ifadələr aldılar və bununla işgəncə və qeyri-insani rəftarın danılmaz sübutlarını yaratdılar.

Bu hadisədən bir həftə sonra, Qaribaşvilinin əmri ilə qanun dəyişdirildi, Tolorayanın xidməti ləğv edildi, sübutlar yoxa çıxarıldı. Ləğvdən çox keçməmiş məni zəhərlədilər və bunu araşdıracaq kimsə qalmamışdı. Bunun əvəzində Nino Lomxariya qanunla ona verilmiş hüquqdan istifadə edərək səhhətimi araşdırmaq üçün müstəqil konsilium yaratdı. Konsiliuma tanınmış, vicdanlı gürcü həkimləri daxil etdi. Konsilium həyəcan təbili çaldı, ictimai kampaniya apardı və onların təzyiqi nəticəsində məni həbsxanadan klinikaya köçürdülər”, – o bildirib.

Saakaşvili qeyd edib ki, Avropa İttifaqının tələbi ilə həbsxanaya polşalı həkimlər də buraxılıb:

“Çıxarkən mənim dırnaq və saç nümunələrimi əllərindən aldılar. Məhz Qaribaşvilinin əmri ilə ki, zəhərlənmə ilə bağlı həqiqəti ortaya çıxarmasınlar. Çox keçmədən Nino Lomxariyanın səlahiyyət müddəti başa çatdı və Qaribaşvilinin təşəbbüsü ilə onun yerinə Levan İoseliyani təyin edildi. O isə tibbi konsiliumu tamamilə başqa şəxslərdən formalaşdırdı.

İndi Qaribaşvili ilə pis rəftar ediləndə, məhz onun öz əməlləri sayəsində bunu araşdıracaq kimsə olmayacaq. Onu zəhərləsələr (bundan isterik şəkildə qorxur) bunu təsdiqləyəcək kimsə də olmayacaq. Hətta məhz Qaribaşvili mənə görə həbsxanaya gürcü və xarici parlamentarilərin girişini qadağan etmişdi. Deməli, onun yanına da heç kimi buraxmayacaqlar və vəziyyəti açıq şəkildə pisləşəndə keçmiş həmkarları onu vəziyyəti simulyasiya etməkdə ittiham edəcəklər.

Tam mənzərə üçün bunu da əlavə edin ki, məhz mənə görə Qaribaşvili həbsxanaya ərzaq bağlamalarının gətirilməsini qadağan etmişdi (indi buna yalnız ayda iki dəfə icazə verilir) və nəticədə o da həbsxananın iyrənc yeməkləri ilə kifayətlənməli olacaq. Qaribaşvili özünün yaratdığı sistemin qurbanıdır – eynilə Yaqoda, Yejov və Beriya özlərinin qurduqları repressiya maşınının qurbanına çevrildikləri kimi.

Bir də Qaribaşvili mütləq tezliklə susacaq, əmlakını əlindən alacaqlar, ailə üzvlərinə qarşı təzyiqləri daha da artıracaqlar və o, səsini çıxara bilməyəcək”.

Paylaş: