Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, üçtərəfli işçi qrup Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə edir.
O qeyd edib ki, üçtərəfli işçi qrupda iş Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişləri çərçivəsində həyata keçirilir:
“Biz “Zəngəzur dəhlizi” ideyası ilə bağlı İran tərəfinin müəyyən narahatlığını görürük, bu narahatlığa aydınlıq gətirilməsi üçün Tehrana müraciət etmək lazımdır. Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi isə aydındır və yaxşı məlumdur”.
Regionda gedən son proseslərə, əsasən də Zəngəzur dəhlizinin açılmasına İranın münasibəti necədir? Tehran buna müqavimət göstərə, Bakı ilə İrəvan arasında yaxınlaşmaya, sülh sazişinin imzalanmasına mane ola biləcəkmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gəldi:
“Bu, əslində 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda da öz əksini tapıb. Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün də fayda gətirəcək bir layihədir.
Amma Tehran Ermənistanın “Sülh yollarının kəsişməsi”ni və özünün Araz dəhlizi layihələrini dəstəkləyərək, Zəngəzur dəhlizini əhəmiyyətsizləşdirməyə səy göstərir. Yeni nəqliyyat əlaqəsinin yaradılmasını “regionda sərhədlərin dəyişdirilməsi” kimi xarakterizə edir. Bunu özünün “qırmızı xətti” adlandırır və sərt bəyanatlar verir. Çünki İran düşünür ki, Zəngəzur dəhlizi Araz dəhlizinin indiki üstünlüklərini və perspektivlərini azaldacaq.
Tarixi torpaqlarımız vasitəsilə Naxçıvanla quru əlaqəsinin yaradılması İran buna qarşı çıxsa da, Azərbaycan üçün olduqca vacibdir. Çünki Zəngəzur dəhlizi açılarsa, Azərbaycan vətəndaşları Naxçıvana getmək üçün İranın quru ərazisindən və hava məkanından istifadə etməyəcək. Bunu həm daha qısa zamanda ünvana çatmaq baxımından, həm də təhlükəsizlik cəhətdən qiymətləndirmək olar. Bu da İranın maraqlarına uyğun deyil və çalışır ki, Azərbaycana öz təsir rıçaqlarını əlində saxlasın”.
Siyasi şərhçinin sözlərinə görə, İran Azərbaycanın Tehranın əsas rəqib gördüyü Ankaraya və onun hüdudlarından kənardakı regionlara ticarət yolunu açmasında, Azərbaycanın Türkiyə ilə quru yolu əlaqəsindən, nəticədə isə ölkəmizin mühüm logistik mərkəzinə çevrilməsindən də narahatdır:
“Ona görə də İran regiondakı iki əsas müttəfiqindən biri olan İrəvandan ayrılacağından narahatlıq keçirir. Bundan əlavə, İran nəinki regionda, geosiyasi arenada da güclü və perspektivli görünmək üçün regionda təsirini itirə biləcəyindən də ehtiyat edir.
Tehran regionda logistik dəhlizlər mövzusunda insiativlərini əldə saxlamağa çalışır və düşünür ki, Zəngəzur dəhlizi açılarsa, Ermənistana, Gürcüstana, Rusiyaya, Qara dənizə çıxış əlaqələrini itirəcək. Bu məsələdə də Hindistanla İranın maraqları uzlaşır, belə ki, Fars körfəzindən İrana, oradan da Ermənistan vasitəsilə Avropaya qədər genişlənən nəqliyyat-logistika yollarına nəzarət edilməsi baxımından ola bilər ki, rəsmi Yeni Dehli Zəngəzur dəhlizinin açılmasından narahat olduğu üçün Ermənistanın silahlandırılmasında aktiv iştirak edir.
Elmir Səftərov
İran, həmçinin Ermənistanla Türkiyə arasında normallaşmada maraqlı görünmür. İran bu normallaşmanı İrəvanın Tehrandan asılılığını azalda biləcəyini və regionda daha çox Qərb təsirinə zəmin yarada biləcəyini düşünür. Amma hələ ki Ermənistanın Qərblə dərinləşən əlaqələri fonunda sərt reaksiya verməyib.
Lakin Azərbaycan regionda öz qonşuları ilə sülhə, qarşılıqlı faydalı əməkdaşlığa və sabitliyə önəm verir, müxtəlif layihələrdə fəal iştirak edir.
Ölkəmiz Şimal-Cənub dəhlizində fəal iştirak edir, əgər Zəngəzur dəhlizi də açılarsa, əlavə olaraq İran vasitəsilə olan logistik yol ilə birlikdə iki nəqliyyat qovşağı da aktiv şəkildə istifadə oluna bilər”.
Safura Bənnayeva
Globalinfo.az