Paşinyanın sələfi gülünc faktı üzə çıxardı – İrəvana nə verilib?

“2024-cü il üçün Qərbin Ermənistana verdiyi vəsaitin məbləği Rusiyadan gələnlərin sadəcə 1 faizidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.

O, Brüssel görüşü zamanı elan edilən yardımın miqdarının Rusiya ilə müqayisədə çox az olduğunu bildirib:

“Aprelin 5-də Ermənistan, Aİ və ABŞ rəsmiləri arasında keçirilən görüşün İrəvan üçün uğurlu olduğu deyilir. Görüş zamanı elan edildi ki, 2024-cü ildə Avropa İttifaqı Ermənistana 67,5 milyon, yəni ümumilikdə növbəti 4 il üçün ayrılan 270 milyon avronun dörddə bir hissəsini verəcək. Həmçinin bu il ABŞ-dan Ermənistana iqtisadi inkişaf üçün 65 milyon dollar, Qarabağdan köçən ermənilər üçün isə 7 milyon dollar ayrılacağı açıqlanıb. Yəni Qərb 2024-cü il üçün ümumilikdə 140 milyon dollar civarında maliyyə dəstəyi göstərəcək. Lap yaxşı! Amma bu il üçün Rusiyadan Ermənistana nağd pul dövriyyəsi 14 milyard dollar təşkil edəcək. Bunlar yanacaq subsidiyalarından 1 milyard, ixracdan 8 milyard və köçürmələrdən 5 milyard olaraq hesablanır. Yəni Qərbin Ermənistana verdiyi vəsait Rusiyadan gələnlərin sadəcə 1 faizidir”.

Ayşən Mustafa
Globalinfo.az