pul tehsil

Xəbər verdiyimiz kimi, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycanın təhsil müəssisələrindəki əlavə təhsil istisna olmaqla ödənişli təhsilinin haqqı dövlət tərəfindən qarşılanacaq. Bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik edilir.

Bu dəyişiklik sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil imkanlarını real olaraq nə dərəcədə genişləndirəcək? Onların əlavə təhsil sahələrinə çıxışı daha əlçatan olacaqmı?

Globalinfo.az-a danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Rəşad Mahmudov deyib ki, sözügedən dəyişikliklər həm hüquqi mexanizmlərin təkmilləşdirilməsi, həm də praktiki əlçatanlığın artırılması baxımından mühüm addım kimi qiymətləndirilə bilər:

“Yeni təklifə görə, “Təhsil haqqında” qanuna edilən dəyişikliklə bu kateqoriyadan olan şəxslərin məktəb, kollec və ali təhsil səviyyələrində əlavə təhsil istisna olmaqla ödənişli təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanacaq. Bu, ilk növbədə təhsil haqqının yaratdığı iqtisadi baryerin aradan qaldırılmasına xidmət edəcək və təhsil almaq istəyən şəxslərin maddi səbəblərdən prosesdən kənarda qalma riskini ciddi şəkildə azaldacaq”.

resad memmedov 12

Rəşad Mahmudov

Deputat qeyd edib ki, praktik təsirlər baxımından üç mühüm məqam diqqətəlayiqdir:

“Birincisi, mövcud sosial müdafiə mexanizmləri ilə təhsil qanunvericiliyi arasında mövcud ziddiyyətlərin aradan qaldırılması bu kateqoriyanı daha dəqiq müəyyən edir və hüququn tətbiq sahəsində olan boşluqları qapadır. Bu, həm təhsil müəssisələri, həm icraçı qurumlar, həm də vətəndaşlar üçün hüquqi şəffaflıq yaradır. İkincisi, təhsil iştirakında artım olacaq. Belə ki, illərdir müzakirə olunan əsas problem təhsil almaq istəyinin olması, lakin maliyyə imkanlarının məhdudluğu idi. Təhsil haqqının dövlət tərəfindən ödənilməsi bu yaxınlaşmanı sosial dövlət prinsipinə uyğunlaşdırır. Üçüncüsü, dəyişiklik əlavə təhsil sahələrinə çıxışı da dolayı yolla genişləndirə bilər. Çünki baza təhsil mərhələlərində maliyyə yükünün aradan qalxması gələcəkdə bu şəxslərin təkmilləşmə, yenidən ixtisaslaşma və ya əmək bazarında rəqabət qabiliyyətini artırmaq istiqamətində daha çevik qərarlar verməsinə imkan yarada bilər”.

Rəşad Mahmudovun fikrincə, bu dəyişiklik sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil zəmanətinə faktiki olaraq yeni mərhələ gətirir:

“Təhsil əlçatanlığı artır, sosial inklüzivlik güclənir və insan kapitalının inkişafına investisiya qoyulur. Tətbiq mexanizmləri dolğun formalaşdırılarsa, yaxın illərdə həm ali təhsil iştirakında, həm də sosial qatılıqda artım müşahidə oluna bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: