Ukrayna müharibəyə baxmayaraq, öz ərazisindən Rusiya qazının tranzitini dayandırmır və buna görə külli miqrdarda vəsait əldə edir. Hətta Rusiyanın Kursk vilayətindəki Suca qazölçmə məntəqəsi ukraynalıların nəzarətinə keçdikdən sonra da qaz tranziti davam edir. Bu vəziyyətin müharibə tarixində görünməmiş olay olduğu deyilir.
Necə ola bilər ki, müharibə aparan iki ölkə arasında tranzit anlaşması olsun?
Elşad Həsənov
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, müharibə getdiyi, şəhərlərin dağıdıldığı halda Ukrayna öz ərazisindən Rusiya qazını Avropaya ötürərək pul qazanmağa davam edir:
“Qaz kəməri keçən hissələrin vurulmaması həm Rusiyanın, həm də Ukrayna və Aİ-nin maraqlarına uyğundur. Qaz kəmərlərinin keçdiyi ərazilərin vurulması fonunda yaranacaq problemlər səbəbindən Aİ Ukrayanaya dəstəyi dayandıra bilər. Avropa İttifaqı və ABŞ Ukraynaya dəstək göstərir, lazımi silah-sursat verir, iqtisadi, siyasi və diplomatik cəhətdən köməyini əsirgəmir. Buna baxmayaraq, hələ də Rusiya və Avropa ticarət əlaqələri saxlayır. Rusiya hərbi sənayesində istifadə olunan bəzi cihazlar ABŞ-dan alınır. Bu, indiki dövrün reallıqlarıdır. Məsələn, İkinci Dünya müharibəsi ərəfəsində belə bir hal yaşanasaydı, eyni ssenarinin reallaşması mümkün olmazdı”.
Politoloqun sözlərinə görə, Suca qazölçmə məntəqəsi ukraynalıların nəzarətinə keçsə də, onu qoruyub-saxlayırlar:
“Müharibədə böyük dövlətlərin öz marağı var. Ukrayna müharibəsinin başlamasında ABŞ-ın rolu böyükdür. Onlar Rusiyanı tələyə saldılar. Rəsmi Vaşinqtonun böyük biznes planları var. O, köhnə texnikaları, silahları Kiyev və digər ölkələrə satdı. Bu, müharibə yox, böyük biznesdir”.
Safura Bənnayeva
Globalinfo.az