Yerli mediada yayılan xəbərlərə görə, Rusiya Silahlı Qüvvələri Kursk vilayəti də daxil olmaqla bir sıra ərazilərdən əks-hücuma keçib. Bildirilib ki, əks-hücum əməliyyatını 155-ci dəniz piyada alayı həyata keçirib. Rusiya 1 ay sonra Kursku azad etmək əməliyyatına başlaması diqqətçəkən məqamdır.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, Ukraynanın rus torpaqlarına girdiyi bir zamanda Rusiyanın Donetsk istiqamətində irəlləyişində hər hansı durğunluğun olmaması Moskvanın sanki bu hücumu ehtimal etdiyini deməyə imkan verirdi:
“Əslində isə Kursk hücumu əraziləri işğalda olan Ukraynanın qüvvələrinin parçalamasına səbəb olduğu üçün yanlış davranış kimi xarakterizə olunur. Çünki Rusiya cənub istiqamətində irəliləyərkən siz bunun qarşısını almaq əvəzinə, çıxılmaz bir yola girirsinizsə, sonu uğurlu olmaz. Ukrayna Kursk hücumu ilə əhval-ruhiyyə qazansa da, Rusiya bu hücuma tez cavab vermək əvəzinə gözləyib güclü şəkildə geri dönəcəyinin fərqində idi və bu baş verməkdədir. Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Kursku işğal etdiyi müddətdə ardıcıl şəkildə xarici ölkələrə səfərləri də onu deməyə əsas verir ki, Kreml güclü şəkildə əks-hücuma hazırlaşırdı və bütün prosesləri nəzarətdə saxlayırdı.
Elmir Səftərov
Daha əvvələ qayıtsaq, Ukrayna Kurska daxil olaraq müəyyən uğurlar əldə etsə də, bir müddətdən sonra əməliyyatların Rusiya ordusu tərəfindən qarşısı alındı. Hərbi məntiqə zidd olaraq başladılan bu hücumda Ukrayna hərbçiləri düz istiqamətdə hərəkət edərək irəlilədilər. Əslində isə tutduqları ərazilərdə möhkəmlənmək istəyən qüvvələr əvvəlcə onlara təhdid yaradan Rusiya bölmələrini məhv edib orada özlərinə əlverişli mövqe yaratmalı idilər. Amma bunun əksi baş verdiyi üçün əməliyyatın, sadəcə, müvəqqəti və göstəriş xarakterli olduğu ehtimalı yarandı”.
Elmir Səftərovun sözlərinə görə, bu hücum psixoloji cəhətdən sarsılmış Ukrayna ordusu və xalqı arasında qələbə əhval-ruhiyyəsinin yüksəldilməsinə, həmçinin Qərb tərəfdaşları tərəfindən verilən silahların və edilən dəstəyin bir işə yaradığını göstərmək kimi də xarakterizə oluna bilər:
“Rusiya anlayırdı ki, Ukrayna bu gedişlə onları Donetskdəki cəbhələrdən qüvvələrini köçürməyə məcbur etmək istəyir. Lakin rusların Donetskdə sürətini azaltmadan Pokrovsk istiqamətində irəliləməyə davam etməsi Ukraynanın Kursk planını da pozdu. Ukrayna hazırda həm də irəliləyən xətlərini qorumaq və loqistik imkanlarını təhlükəsiz saxlamaq kimi problemlərlə üzləşir”.
Safura Bənnayeva
Globalinfo.az