Rusiya NATO-ya belə hücum edəcək! – “Bild”in hərbi taktikası

Rusiyanın NATO-ya hücumunun dördmərhələli nəzəri ssenarisi dərc edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Nəşr bu məlumatın parlamentə təqdim edilən hökumət sənədinə əsaslandığını qeyd edib.

Ssenariyə əsasən, hücum dörd mərhələdən ibarət ola bilər. Birinci mərhələdə Qərb cəmiyyətini parçalamaq üçün media və sosial şəbəkələrdə kütləvi dezinformasiya kampaniyasına start verilməsi öz əksini tapıb. Eyni zamanda infrastruktur obyektlərinə kiberhücumların olması da mümkündür.

İkinci mərhələdə Moskva NATO sərhədləri boyunca hərbi manevrlərə başlayacaq. Eyni zamanda casusluğu və kiberhücumları artıracaq. Kosmosdakı ilk peyklər sıradan çıxarıla, Almaniyanın kimya zavodları və atom elektrik stansiyaları hücuma məruz qala bilər.

Üçüncü mərhələ rus qoşunlarının birbaşa işğalını əhatə edəcək. Dördüncü mərhələ quruda, suda, havada və kosmosda döyüşləri özündə ehtiva edir. Moskvanın bioloji, kimyəvi və nüvə silahlarından, eləcə də elektromaqnit impulslarından istifadə etməsi mümkündür.

Xatırladaq ki, “Bild” qəzeti məxfi sənədlərə istinadən NATO ilə Rusiya arasında müharibə planının hazırlandığını açıqlayıb. Almaniya Müdafiə Nazirliyinin ssenarisinə görə, müharibə 2025-ci ilin yayında başlaya bilər. Məqalə müəllifi Belarusla Kalininqrad vilayəti arasında yerləşən Suvalki dəhlizini toqquşmanın baş verəcəyi yer adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az