Portuqaliya millisi futbol üzrə dünya çempionatında Özbəkistan üzərində 5:0 hesablı qələbə qazanıb. Qarşılaşmada iki qolla fərqlənən Kriştiano Ronaldo yenə diqqət mərkəzinə düşüb. Ulduz futbolçunun hər qoldan sonra özünəməxsus şəkildə sevinməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb. Bəziləri bunu təbii qarşılasa da, digərləri hesab edir ki, “zəif rəqibə qarşı” vurulan qollardan sonra bu cür emosional reaksiya doğru deyil.
Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlının fikrincə, Ronaldoya qarşı bu cür tənqidlərin əsas səbəbi onun Messi ilə Ronaldo rəqabətidir:
“Ronaldonu tənqid edənlərin əhəmiyyətli hissəsi Leo Messinin azarkeşləridir. Eyni qaydada, Messiyə qarşı edilən tənqidlərin də böyük hissəsi Ronaldonun tərəfdarlarından gəlir. Bu, futbol dünyasında illərdir davam edən təbii azarkeş rəqabətidir”.
Ronaldonun qol sevincinə gəlincə, Natiq Muxtarlı burada heç bir problem görmədiyini qeyd edib:
“Hər bir oyunçunun sevinmək hüququ var. Üstəlik, söhbət dünya çempionatı kimi ən nüfuzlu turnirdən gedirsə, burada zəif komanda anlayışı yoxdur. Dünya çempionatına vəsiqə qazanmış hər bir komanda müəyyən səviyyəni nümayiş etdirib və rəqibə hörmətlə yanaşmaq lazımdır. Mən Özbəkistanı da zəif komanda hesab etmirəm. Əksinə, əgər Ronaldo vurduğu qola sevinməsəydi, bu, Özbəkistanı zəif rəqib hesab etdiyi və ona ciddi yanaşmadığı kimi qəbul oluna bilərdi. Bu isə rəqibə qarşı daha böyük hörmətsizlikdir. Ona görə də Ronaldonun emosional şəkildə sevinməsi, məncə, rəqibə hörmətsizlik deyil, əksinə, ona verdiyi dəyərin göstəricisidir.
Mən Ronaldoya, Messiyə yönələn bu cür tənqidləri əsasən onların illərdir davam edən böyük rəqabətinin və azarkeşlər arasındakı qarşıdurmanın nəticəsi kimi qiymətləndirirəm”.
İdman jurnalisti Tərlan Şahinoğlu isə deyib ki, son illər Kriştiano Ronaldo yaşına görə müzakirə mövzusudur:
“Yaşı 40-ı keçmiş futbolçunun öz millisində daima start heyətində meydana çıxması bəzi mütəxəssislər tərəfindən doğru hesab edilmir. Sırf bu fikirlərin doğru olmadığını sübut etmək, tənqidçi şəxsləri səhv çıxarmaq üçün düşünürəm ki, Ronaldo hər vurduğu qolu rəqibindən asılı olmayaraq xüsusi canfəşanlıqla qeyd edir”.
Tərlan Şahinoğlu əlavə edib ki, Ronaldo rəqabəti xoşlayan idmançıdır:
“Messi, Embappe, Haaland və Hərri Keyn kimi hücumçular qollar vurduqca onlardan geri qalmamaq üçün o da hər oyun fərqlənmək üçün alışıb yanır. Gənc yaşlarında olduğu kimi olmasa da, hələ də uğurlara ac olduğunu nümayiş etdirir. Hər qoldan sonra “mən buradayam, hələ də tükənməmişəm” ismarışını göndərməyi də unutmur. Ən əsası Kriştiano Ronaldo 1000 qol səddinə çatmadan, dünya çempionu olmadan karyerasını bitirmək istəmir!”
Zaira Akifqızı
Globalinfo.az
