Ramazan ayında fitrə necə çıxarılır? – FOTO

Bildiyimiz kimi, aprel ayının 21-i Ramazan bayramı qeyd ediləcək. Mübarək Ramazan ayı bitdikdən sonra Şəvval ayının 1-ci günü Fitr bayramı qeyd olunur. Bu münasibətlə də Bayram axşamı, yəni aprelin 20-si  ailə başçısı ailə üzvləri adından imkansız müsəlmanlara yardım məqsədilə fitrə zəkatı çıxarır. Ümumiyyətlə, kimlər fitrə zəkatı verməlidir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib ki, hər bir oruc tutan və tutmayan şəxslər fitrə zəkatı çıxarmalıdırlar.

O bildirib ki, hamı öz himayəsində olan şəxslərin adından kasıblar üçün fitrə zəkatı verməlidir:

“Ailə neçə nəfərdən ibarətdirsə, hər ailə üzvünün adına bayram axşamı fitrə zəkatı çıxarılır. Şəriət baxımından fitrə zəkatı ən çox istifadə olunan ərzağın 3 kilo dəyərində hesablanır. Belə olan halda ya həmin ərzaq alınmalı ya da ərzağın dəyərində pul çıxarılmalıdır. Amma pul çıxarılsa, daha yaxşı olar. Bizim ən çox istifadə etdiyimiz ərzaq buğda və un məhsullarıdır. Amma QMİ tövsiyyə edir ki, məbləğ minimum ərzaq qiymətindən hesablanmasın. Mümkünsə, ondan bir az baha ərzaq dəyərində hesablansın. Çünki fitrə zəkatı verən insanlar normal həyat tərzi yaşayan insanlardır”.

F.Nurullayev deyib ki, ailəsinin ehtiyacını ödəyə bilməyən şəxslər üçün fitrə vermək vacib deyil:

“Fitrə zəkatını o insanlar verir ki, onların maddı durumu normaldır, əllərində müəyyən qədər məbləğləri var və bu məbləğdən də ailə təminatından qalan hissəni yoxsul və imkansız şəxslərə ayıra bilər.

QMİ tövsiyyə edir ki, adambaşına ailə üzvləri üçün minimum 10-15 manat fitrə zəkatı çıxarmaq məqsədəuyğun olardı. İqtisadi vəziyyəti daha yaxşı olanlar fitrə zəkatını bir az artıq çıxara bilər. Yaşlı insanlar var ki, təqaüd alır, ehtiyaclarını ödəyə bilmir və övladları onlara kömək edir, bu insanların da fitrə zəkatı çıxarmağa ehtiyacı yoxdur”.

İlahiyyatçı bildirib ki, fitrə zəkatı tanıdığımız, qohum-əqrabamızdan olan ən kasıb və ehtiyacı olanlara verilməlidir:

“Bu gün qayğıya ehtiyacı olan insanlar, dərman almağa pul tapa bilməyən qazilərimiz, Şəhid ailələrimiz. Ona görə də, bacardığımız qədər bu məbləği maddi durumu aşağı olanlara verməliyik ki, onlar da bayrama qatıla və ailəsinin müəyyən ehtiyacını qarşılaya bilsinlər”.

F.Nurullayev deyib ki, bəzi insanlar nəğd borcla kredit borcunu qarışdırı:

“Məsələn, insanlar var ki, kreditlə məişət əşyaları və ya digər nəsə alıblar, onlar fitrə zəkatı verməlidir. Çünki adam ürəyi istəyən nələrisə alır və hər ay o kredit borcunu ödəyə bilir. Amma ailə başçısı var ki, maddi durumları aşağı olduğu üçün ərzaq ala bilmir və borc pul götürməli olur. O zaman o ailə fitrə verməməlidir, əksinə, həmin ailəyə yardım olunmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az