Qüdrət Həsənquliyev: “Qələbədən sonra bəziləri daha da radikallaşdı”

Qüdrət Həsənquliyev: “Ali dəyərlərdən danışan dövlətlər ölkəmizin daxilində gərginlik yaratmaq üçün dibçəkdə lider yetişdirmək ənənəsinə son qoymalıdır”

Globalinfo.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir:

– Qüdrət bəy, bəzi xarici ölkələrin və beynəlxalq təşkilatların Qarabağda yaşayan ermənilərin humanitar vəziyyəti və “siyasi motivli” olduğu iddia edilən son həbslərlə bağlı açıqlamalarına münasibətinizi bilmək istərdik.

– Hər bir ölkənin ərazi bütövlüyü o ölkənin qürur məsələsidir. Bunu hər kəs nəzərə almalıdır. Hazırda Qarabağda işğal nəticəsində formalaşdırılmış işğalçı rejim mövcuddur. Özünü dələduz, “lotu” (rogue state ) yox, hüquq dövləti sayan və beynəlxalq hüquqa hörmət edən hər bir ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməli, onun bərpasına kömək etməlidir. Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz bizə münasibətdə hər kəs üçün qırmızı xəttdir və hamı bunu anlamalıdır. Ali dəyərlərdən danışan dövlətlər ölkəmizin daxilində gərginlik yaratmaq üçün dibçəkdə lider yetişdirmək ənənəsinə son qoymalıdır. Azərbaycan miqyasında orta səviyyəli, ingilis dilində normal danışa bilməyən birisini xarici universitetlərə dəvət edib böyük alim, iqyisadiyyatımıza nəfəs verə biləcək tək adam kimi xalqımıza sırımaq alınmayacaq. Nəzərə alınmalıdır ki, bu zaman həmin şəxslərlə münasibətlər də iqtidar-müxalifət münasibətləri müstəvisindən kənara çıxır və başqa xarakter alır. Bu yolla Azərbaycana təzyiq edib onu ermənilərə güzəştə sövq etmək, işğalçıları müdafiə etmək uğurlu yol sayılmaz, proses isə özlüyündə demokratik inkişafa mənfi təsir göstərir. Xalqımız siyasi baxımdan fəal olmasa da bəzi şeyləri görür və başa düşür. Təbiət etibarilə radikal olmayan, zaman-zaman iqtidarla əməkdaşlıq etmiş birisi bir də görürsən çox radikallaşıb. Hamı fikirləşir ki, axı, nə baş verib? Problemlərin bir çoxu əvvəlki illərdə olduğunun eynidir, amma ən böyük problemimiz əhəmiyyətli miqyasda həll olunub. İşğal altındakı torpaqlarımız böyük miqyasda azad olunub, Avropya qaz xətti çəkilib (TAP), energetika sahəsində əməkdaşlığa dair bir neçə Avropa ölkəsi ilə sazişlər imzalanıb, Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi istiqamətində real addımlar atılıb, Rusiya ilə müttəfiqlik münasibətlərinə dair saziş imzalasaq da, Ukrayna ilə strateji tərəfdaşlıq sazişinə sadiqik. Türkiyə ilə münasibətlər müttəfiqlik səviyyəsinə qaldırılıb.Yalnız İranla münasibətlərdə xüsusi gərginlik yaşanır ki, bu da İranın işğalçı dövləti dəstəkləməsinə, Azərbaycana münasibətdə yürütdüyü beynəlxalq hüquqa zidd, qeyri-dost siyasətə görədir.

44 günlük müharibədən sonra əldə olunan uğurlar bir çox radikalları mövqelərinə yenidən baxmağa sövq etdi. Çünki İlham Əliyevə başlatdığı işi başa çatdırmaq, dövlət suverenliyini tam bərpa etmək üçün zaman və geniş xalq kütlələrinin dəstəyi lazımdır. Bəziləri isə əksinə, qələbədən sonra daha da radikallaşdı. Bu həm vətəndaşları, həm dövlət orqanlarını narahat etməyə və suallar doğurmaya bilməz. “Mən korrupsiya yolu ilə əldə olunmuş və xaricdə yerləşdirilmiş pulları öz yaratdığım fonda cəlb edəcəm” kimi qeyri-ciddi və populist açıqlamalarla, yalnız gerizəkalı insanları buna inandırmaq olar. Onunla təmasda olan və o ağılda olan adamlardan da heç kim soruşmur ki, necə? Məhkəmələr hansı qanuna istinad edəcək? Axı,o pullar sənin dünən yaratdığın fonddan oğurlanmayıb. Sənin fonduna xarici dövlətlərin xüsusi xidmət orqanları müxtəlif məqsədlər naminə müxtəlif adlar altında pul köçürə bilər, amma hüquqi dövlətdə sən dediyin mümkün deyil.

Siyasətlə məşğul olan şəxslərin həbsi təəssüf doğurur, amma onlar da öz fəaliyyətlərinə tənqidi yanaşmalıdırlar. Hakimiyyət ehtirası və uzun illərin siyasi uğursuzluğu onları ekstremizmə, xaricdən dəstək axtarışına və xəyanətə yuvarlatmamalıdır. Tövbə qapısı həmişə açıqdır. Allah qapılarını açsın.

– Hazırkı mərhələdə Qarabağ üzərində dövlət suverenliyinin bərpasını mümkün sayırsınızmı?

– Böyük dövlətlərin mövqelərinə, xüsusilə Türkiyənin bizi hara qədər müdafiə edə biləcəyinə dair kifayət qədər məlumatım olmadığı üçün qəti fikir söyləmək çətindir. Kənardan görünən odur ki, böyük güclərin başı Ukraynada savaşa qarışıb, bizim üçün əlverişli şərait yaranıb. İnanıram ki, imkan olacaqsa İlham Əliyev bu şansı qaçırmayacaq. Prezident dəfələrlə bəyan edib ki, rus sülhməramlılarının Azərbaycanda qalma vaxtı üçtərəfli sazişlə 2025-ci ildə başa çatır. Sülhə mane olmaq üçün digərlərinin xeyir-duası ilə Fransa və Hindistan Ermənistanı silahlandırır. Biz böyük qan tökülməməsi üçün Türkiyə və Rusiya ilə işləməkdə davam etməliyik.

– Rusiya rəsmilərinin sizə qarşı açıqlamalarını necə qarşıladınız?

– Əvvəllər də belə hallar olub, onlara əhəmiyyət vermirəm. Bu, qonşuları düşmən edib özündən asılı saxlamaq zehniyyətindən, yaxud qərbçi və ya ermənipərəst dairələrin maraqlarından qaynaqlana bilər. Bakıdan da kimlərinsə sifarişi ilə danışa bilərlər. Azərbaycanda üçüncü ölkələr vasitəsilə kimlərinsə barəsində rəy formalaşdırmaq ənənəsi mövcuddur. Mən Rusiya və Türkiyə ilə münasibətlərin Avropa Birliyi modeli səviyyəsinə qədər inkişaf etdirilməsinin tərəfdarıyam. Böyük iqtisadi və siyasi ittifaqlar çərçivəsində daha təhlükəsiz yaşayıb, daha sürətlə inkişaf edə bilərik. Türk-slavyan respublikalarının birliyi təşəbbüsü ilə də çıxış etmişəm. Amma Rusiyada hər kəs anlamalıdır ki, Azərbaycanla dostluqla onun ərazi bütövlüyünü şübhə altına almaq və ərazi bütövlüyünü bərpa etməkdə ona mane olmaq bir araya sığmaz. Lavrovun “sülh danışıqlarında hər iki dövlətin mənafeləri nəzərə alınmalıdır” tipli açıqlamaları qəbuledilməzdir. Məsələn, Çin Sibiri işğal edir və atəşkəs elan olunur. Azərbaycan deyir ki, danışıqlarda hər iki xalqın mənafeləri nəzərə alınmalıdır. Rusiya bunu necə qəbul edərsə, biz də o cür qəbul edirik. Azərbaycan öz ərazisində dövlət suverenliyini bərpa etməlidir və Allahın köməyi ilə edəcək. Yaxşı olar ki,Rusiya bu işdə yardımçı olsun.