Qərbin “son” variantı: Ukrayna savaşı ilə bağlı pis ssenari gündəmdə

NATO Baş katibi Yens Stoltenberq deyib ki, Putinin Ukraynada qalib gəlməsinə imkan vermək olmaz. Həmçinin qeyd edib ki, Ukrayna danışıqlar masasına daha əlverişli şəraitdə oturmalıdır. Bu isə müharibənin uzadılması deməkdir.

Bəs Ukraynanın və Rusiyanın bu labirintdən çıxmaq üçün vasitəçilər olmadan danışıqlar masasına oturmaq şansları varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi Yaxın Şərqdə baş verən proseslər səbəbindən arxa plana keçib:

Xəyal Bəşirov 

“Kollektiv Qərb Rusiyaya güzəştə getmək niyyətində deyil. Bəzi Avropa ölkələri, ABŞ belə rəsmi Kiyevə müxtəlif istiqamətlərdə verdikləri dəstəkdən artıq yorulduqlarını göstərdilər. Şərq qütbündə yer alan dövlətlər arasında Rusiyaya dəstək verənlər də var. Həmin ölkələr də Qərbin zəifləməsində maraqlıdırlar. Mövcud vəziyyət Şərq-Qərb qütblərinin qarşıdurmasını reallaşdırır.
Təxminən, 2 ilə yaxındır davam edən münaqişədə Rusiya Ukraynanın dərinliklərinə nüfuz edə bildi. Qərb, NATO və Aİ-nin prosesə qarışması və bütün istiqamətlərdə rəsmi Kiyevə dəstəyin verilməsi Moskvanın burada Krım və bəzi ərazilərlə kifayətlənməsinə səbəb oldu”.

Politoloqun fikrincə, Ukrayna ilə bağlı qərarları Qərb ölkələri verir:

“Ukrayna dövlət başçısı Volodimir Zelenski Rusiya ilə danışıqlara getməyəcəyi ilə bağlı açıqlama verir. Lakin Qərbin istəyi ilə yekun sülhün əldə edilməsi gözləniləndir. Münaqişənin birdən-birə bitməsi NATO və Qərbin nüfuzuna xələl gətirə biləcəyi üçün bu prosesi tədricən həyata keçirməyə çalışırlar və ümumi diqqətin digər münaqişələrə yönləndirilməsində maraqlıdırlar. Zamanla Ukraynaya sadəcə humanitar dəstək veriləcək”.

X.Bəşirov qeyd edir ki, dünyada mövcud olan münaqişə ocaqları maraqlı güclər tərəfindən idarə olunur:

“Münaqişələrin həlli məqsədi güdülmür. Maraqlar təmin olunduqdan bir müddət sonra münaqişə ocaqları söndürülür. Gələcəkdə lazım olarsa, yenidən alovlana bilər. Rusiya-Ukrayna müharibəsi də bu qəbildəndir. Yeganə çıxış yolu Qərbin prosesə cəlb edilməsi əvəzinə iki ölkə liderləri arasında müəyyən danışıqların baş tutmasıdır”.

Safura Bənnayeva
Globalinfo.az