Qərb kəşfiyyatı elan etdi: Rusiya 2023-cü ildə genişmiqyaslı hücuma başlayacaq

“Rusiyanın 2023-cü ildə Ukraynaya genişmiqyaslı hücum edəcəyinə dair informasiyalar dolaşır. Bu barədə Qərb kəşfiyyat dairələrinin də məlumatı var. Mümkündür ki, bu informasiyanı yayan da məhz Qərb kəşfiyyatıdır”.

Bu sözləri Globalinfo.az-a politoloq Tofiq Abbasov Rusiya Prezidenti Vladimir Putinin bir müddət öncə müharibə bölgəsinə və Belarusa səfər etməsi, habelə, 2023-cü ildə Rusiyanın Ukraynaya həlledici hücum etməsi haqda yayılan iddiaları şərh edərkən deyib.

Onun sözlərinə görə, Vladimir Putin son çıxışında bir daha qeyd etdi ki, Rusiya qarşısına qoyulan hədəflərə hələ çatmayıb:

“Bu isə o deməkdir 2023-cü ildə də hərbi əməliyyatlar davam edəcək. Məsələ ondadır ki, Rusiya elə bir yola çıxıb ki, bu yoldan geri dönə bilməz. Necə deyərlər, “öldü var, döndü yoxdur.

Müharibənin davam etməsi həm Rusiyanın beynəlxalq imici, həm də Putinin opponentləri qarşısında nüfuzu baxımından vacibdir. Kremlin ehtimal geri addım atması çox şeyi dəyişə bilər. Bu mənada 2023-cü ildə amansız döyüşlərin gedəcəyini demək olar”.

Politoloqun sözlərinə görə, Rusiya ordusunun kifayət qədər çatışmazlığı var:

“Ümumiyyətlə, Rusiyanın genişmiqyaslı müharibəyə hazır olduğunu düşünmürəm. Xüsusilə də texnologiya baxımından rəsmi Moskva geridə qalıb. Rusiya bu əskikliyi aradan qaldırsa, 2023-cü ildə müəyyən uğurlar əldə edə bilər.

Ukraynaya gəldikdə isə rəsmi Kiyevin Qərbin dəstəyinə hər zamankından daha çox ehtiyacı var. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Volodimir Zelenski yenidən Qərbdən dəstək istəyib”.

Turan Rzayev
Globalinfo.az