Qərb dövlətləri Ukrayna rəsmilərini şantaj edirlər – Qüdrət Həsənquliyev

BAXCP sədri, Millət vəkili Qüdrət Həsənquliyev müsahibə verib.

Globalinfo.az Elchi.az-a istinadən müsahibəni təqdim edir:

– Qüdrət bəy, Danimarkada Türkiyə səfirliyi qarşısında Quranın yandırılmasına münasibətinizi bilmək istərdik?

– Bu tipli təxribatçı hərəkətlər rəsmi dairələrin xeyir duası ilə hansısa narkoman və üzdəniraqların vasitəsilə təşkil olunur. Məqsəd müsəlmanların hisslərinə toxunub onları da Ankarada Danimarka səfirliyini murdarlamağa təhrik etmək və bundan Türkiyəyə qarşı  istifadə etməkdir. Quran inanclı müsəlmanların qəlbində, düşüncəsindədir. Kitabı yandırmaqla Allahın kəlamlarını  yandırmaq olmaz. Bunu təxribatçılar da bilirlər. Bəzi qərb ölkələrində ailə və əxlaqi dəyərlər ciddi şəkildə aşınıb. İnsanlar mənəviyyatsızlıqdan uzaqlaşıb islamı qəbul edirlər. Quranı yandırmaqla, peyğəmbəri təhqir etməklə bu prosesin də qarşısını almaq mümkün deyil. Ona görə də bu kimi əxlaqsız davranışlara reaksiya vermək lazım deyil. Çünki bu kimi əməllər onları daha da ifşa edib gözdən salır.

– Bəzi Qərb ölkələri, o cümlədən Polşa, Ukraynanı müharibədə verdikləri dəstəyə görə lazımı səviyyədə təşəkkür etməməyə görə qınayır. Nə dərəcədə haqlıdırlar?

– Qərb Rusiyanı sakitləşdirmək üçün Ukraynanın güzəştə getməsini istəyir, amma bu barədə açıq danışa bilmirlər. Ona görə də Ukraynaya o həcmdə kömək edirlər ki, müharibəni davam etdirə bilsin, amma qalib gəlməsin və sonda özü atəşkəs istəsin. Bu yolla iki slavyan xalqını bir-birinə qırdırıb əldən salırlar. Rusiyanın  nüvə silahı tətbiq edəcəyindən qorxub sonda Ukraynanı güzəştə məcbur edəcəklər. 2015-ci ildə Yunanıstanda iqtisadi tənəzzül olanda (müharibə yox) Avropa İttifaqı 86 milyard avroluq yardım paketi ayırdı. İndi kritik infrastrukturu dağıdılmış, özündən çox güclü ölkə ilə ağır müharibə aparan Ukraynaya etdikləri yardıma baxın, təqribən 15 milyard. Yaxud ABŞ-ın 2-ci dünya müharibəsində SSRİ-yə etdiyi köməklə indi Ukraynaya etdiyi köməyi müqayisə edin. Heç yüzün – birə nisbətində deyil. Ukraynalılar bunu görür və etiraz edir. Bu isə Qərb hökumətlərini xalqları qarşısında ifşa edir. Korrupsiyalaşmış Qərb liderlərinin bir qismi Rusiya tərəfindən ələ alınıb, bir qismində isə Rusiyadan heyvani qorxu var. Ona görə də Ukrayna rəsmilərini şantaj edirlər.

– Qərb ölkələri Azərbaycanı “Laçın dəhlizi” məsələsində güzəştə məcbur edə bilərlərmi?

Prezidentin “Avronyus” televiziyasına verdiyi müsahibə bir daha göstərdi ki, iqtidar bu məsələdə çox qətiyyətlidir. Çünki biz haqlıyıq. Biz öz ərazimizdə dövlət suverenliyinin bərpasını, 10 noyabr üçtərəfli sazişin Ermənistan tərəfindən icrasını, Zəngəziur dəhlizinin açılmasını istəyirik. Ermənistana təzyiqlər 2025-ci ilə qədər artırılmalı, rus sülhməramlılarının Qarabağda olma müddəti bitən kimi  Azərbaycan Silahlı Qüvvələri Xankəndinə daxil olub Qarabağda dövlət suverenliyimizi bərpa etməlidir. Bu, baş verməyənə qədər heç bir Ermənistan rəhbəri bizimlə sülh sazişi imzalamayacaq. Başqa formada təzyiqlərin səmərəli olacağını düşünmürəm. Çünki xəstə erməni cəmiyyəti revanş hissləri ilə yaşayır.