Qazaxıstanla Azərbaycan birləşir – Orta Dəhliz vasitəsilə

Prezident İlham Əliyevin Qazaxıstan səfərində iqtisadi məsələlərin müzakirəsi və imzalanan ikitərəfli sənədlər haqda danışması diqqət cəlb edib. Əsas diqqətçəkən məqam isə Orta Dəhliz məsələsidir. İlham Əliyev Qazaxıstanda Beynəlxalq Maliyyə Mərkəzində bu ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə “Biz bir çox hallarda paralel kursla hərəkət edirik və Orta Dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk” deyib. Bu fikirlərin iqtisadi anlamı nədir? Orta Dəhliz Qazaxıstanla Azərbaycanı hansı formada əlaqələndirəcək və bunun iqtisadi, geosiyasi dividentləri nələr olacaq? Bu layihələr nə vaxta reallaşacaq?

Globalinfo.az mövzu ilə bağlı deputat Bəhruz Məhərrəmovun fikirlərini öyrənib.

O deyib ki, cənab İlham Əliyevin reallaşdırdığı regional infrastruktur layihələri bu gün Azərbaycanı region dövlətləri başda olmaqla bölgədə marağı olan hər bir beynəlxalq subyekt üçün cəlbedici tərəfdaşa çevirir. Deputat bildirib ki, qardaş Qazaxıstan da öz resurslarının Qərbdə realizəsi üçün məhz Azərbaycanın hazır infrastrukturunu ən təhlükəsiz və etibarlı çıxış hesab edir:

“Ümumiyyətlə, Azərbaycan Prezidentinin Türk dünyası siyasətində ən böyük uğuru ondan ibarətdir ki, əməkdaşlıqlar ümumi mənafelərlə yanaşı hər bir dövlətin milli maraqlarını ehtiva edə bilir. Yəni Azərbaycanla Qazaxıstan arasında münasibətlərin təməli sağlam praqmatik əsaslara söykənir. Əlaqələrimiz, ortaq keçmişimiz naminə hansısa fədakarlıqlar bahasına yox, milli maraqlar naminə inkişaf edir. Bəli, Azərbaycan və Qazaxıstan eyni kökdəndir, dilimiz, dinimiz birdir. Lakin həm də fərqindəyik ki, biz iki ayrı müstəqil dövlətik, hər birimizin öz milli maraqlarımız var və bu reallığı dərk etməklə münasibətlərimizi daha sağlam formada inkişaf müstəvisinə çıxarmışıq. Cənab İlham Əliyevin Qazaxıstana səfərinin gündəliyi, habelə imzalanan müqavilələrin məzmunu da bir daha bu tezisi təsdiq edir”.

Bəhruz Məhərrəmov

B.Məhərrəmov deyib ki, Bakı ilə strateji tərəfdaşlıq Astananın özü üçün yeni imkanlar yaradacaq:

“İlk növbədə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatı imzalamaqla münasibətlərin strateji məzmununu dərinləşdirdik. Hazırkı mürəkkəb geosiyasi konfiqurasiyada Qazaxıstan kimi böyük potensialın Azərbaycanla bağlı açıq iradəsi, beynəlxalq təşkilatlarda birgə fəaliyyətdən tutmuş iqtisadi layihələrə qədər birgə hərəkət Bakıya münasibətdə hələ də qərarsız, yaxud neytral qalmağa üstünlük verən beynəlxalq subyektlər üçün çağırış olacaq. Eyni zamanda mövcud şəraitdə Bakı ilə strateji tərəfdaşlıq Astananın özü üçün yeni imkanlar yaradacaq. Məhz Azərbaycanın təqdim etdiyi alternativlər Qazaxıstanın ayrı-ayrı güclər tərəfindən iqtisadi dalana salınması ehtimallarını aradan qaldırmaqla, Astananın siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmlədəcək.

Bundan başqa imzalanan sənədlərin media və multukultural dəyərlər, kiçik və orta biznesin inkişafı kimi sahələri əhatələməsi əlaqələrimizin daha dərin qatlarda, o cümlədən yeni müstəvilərdə inkişafı üçün imkan yaradacaq”.

Zaira Akifqızı
Globalinfo.az