Qarabağda “TIR savaşı” davam edir. Ermənistandan və Fransadan göndərilən TIR-lar, həmçinin Bakıdan Xankəndiyə yardım aparan yük maşınları artıq günlərdir ki, sərhəddə gözləyir. Bir tərəfdən “humanitar böhran” çağırışları edərək Azərbaycanı günahlandıran ermənilərin, digər tərəfdən Bakıdan göndərilən yardımların qarşısını almaq üçün Ağdam-Xankəndi yolunu bağlaması ayrıca təəccüb doğurur. Bölgədə təxribatların gücləndiyi bir zamanda ərazidəki TIR-ların sayının da müəyyən qüvvələr tərəfindən məqsədyönlü şəkildə artırılması, yeni müharibə, antiterror əməliyyatları ilə bağlı fikirləri gücləndirir.
Bəs bu “TIR savaşı”nın sonu necə olacaq?
Mövcud prosesləri Globalinfo.az-a dəyərləndirən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, bu savaş İrəvan üçün sadəcə bir bəhanədir:
Əziz Əlibəyli
“Ermənistan tərəfinin başlatdığı bu “TIR savaşı” əslində bəhanədir. Lakin Azərbaycan adekvat cavab verir. Bu bir suverenlik savaşıdır. Ermənistandan boşalan bölgə Azərbaycanın qalibiyyəti və apardığı siyasət nəticəsində yeni bir situasiya yaradıb. Böyük güclər də bölgəyə yerləşmək üçün yaranmış vəziyyətdən bir vasitə olaraq istifadə edirlər. Əslində Ermənistan deyil, Qərb və Azərbaycan arasında çox ciddi psixoloji-humanitar savaş başlayıb. Bunun fonunda bütün Qərb mediasının Azərbaycan əleyhinə dayandığını görürük.
Rusiya isə Gürcüstan tərəfindən sevilməməsi, Ermənistanda təhqir olunması situasiyası konteksində Azərbaycanı sadiq müqavilə tərəfdaşı olaraq görür. Qərblə başlayan kəskin qlobal konfliktlərin konfiqurasiyaya necə təsir edəcəyini zamanla görəcəyik”.
“TIR savaşı”nın sonu bölgədəki qondarma rejimin iflası ilə tamamilə başa çatmalıdır. Beynəlxalq təhlilçilər növbəti müharibə, antiterror əməliyyatı və toqquşma ehtimalı ilə bağlı ciddi fikirlər səsləndirilər. İndiki vəziyyətdə bu ssenarilər gözləniləndir” – deyə, o qeyd edib.
Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağ ermənilərinə humanitar dəstək məqsədilə göndərilən 40 ton un məmulatının əraziyə çatdırılmasına erməni sakinlər tərəfindən maneə yaradılıb.
Ayşən Mustafa
Globalinfo.az