İsrailin İranın hərbi və strateji obyektlərinə hava zərbələri endirməsi təkcə iki ölkə arasındakı münasibətləri deyil, bütün regionda yeni reallıqların yaranmasına səbəb ola bilər. Bu proseslərin Azərbaycan üçün də həm təhlükəsizlik, həm də mümkün qaçqın axını riski baxımından ciddi çağırışlar yaratması mümkündür. Belə mürəkkəb dönəmdə regionun sabitliyi və soydaşlarımızın təhlükəsizliyi xüsusi önəm kəsb edir.
İranın İsrail tərəfindən vurulması hansı dəyişikliklərə səbəb olacaq? Baş verənlərin Azərbaycana təsiri necə proqnozlaşdırılır? Cənub qonşumuzdan qaçqın axını ehtimalı varmı?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, İsrailin İrana hücumu regionda vəziyyəti xeyli gərginləşdirib. Onun fikrincə, belə vəziyyət nəticəsi proqnozlaşdırıla bilinməyən hadisələrə yol aça bilər:
“Hərbi əməliyyatların uzanacağı halda təhlükəsizlik mühitindən tutmuş nəqliyyat dəhlizlərinə, idxal-ixrac balansına, neft qiymətlərinə və miqrasiya axınlarına qədər geniş spektri əhatə edən problemlər ortaya çıxacaq. Şübhəsiz ki, Azərbaycan olaraq baş verənlərdən narahatıq. İlk olaraq ona görə ki, İran qonşuluqda yerləşən bir dövlətdir, İran və Azərbaycan arasında 756 kilometrlik bir sərhəd var. İkincisi, bu ölkədə 40 milyona yaxın soydaşımız yaşayır və İrana qarşı uzunmüddətli və genişmiqyaslı müharibə Azərbaycana qaçqın axınına səbəb ola bilər. Odur ki, dövlət və xalq olaraq baş verə biləcək ən pis ssenariyə hazır olmalıyıq”.

Yusif Bağırzadə
Politoloq deyib ki, maksimum şəkildə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi lazımdır:
“Sərhəd istiqamətində təhlükəsizlik tədbirlərinin artırılması, neft-qaz yataqları, enerji kəmərlərinin mühafizəsinin artırılması, daxildə hər hansı təxribatların qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi və eləcə də ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq işlərin həyata keçirilməsi lazımdır”.
Zaira Akifqızı
Globalinfo.az