Globalinfo.az REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli ilə müsahibəsinin ikinci, sonuncu hissəsini təqdim edir.
-Bu gün xalqın əsas yaralı yeri pensiya, maaş və sosial müavinətlərin nə vaxt artacağı məsələsidir. Yanvar ayından artımlar mümkündürmü?
-Yanvar ayında artımlar olacaq. Azərbaycan qanunvericiliyi də bunu tələb edir. Əvvəllər inflyasiya qədər indeksləşmə olurdu. İndi başqa sistem qurulub. Orta aylıq əmək haqqının artım tempinə görə indeksləşmə olur. Yanvarın 1-dən maaş və təqaüdlərdə 8-10 faiz artım gözləniləndir. Lakin bu bütün yaraları sağaltmır. İnsanlar maaşların, təqaüdlərin yüksək səviyyədə artmasını gözləyirlər. Sağ mərkəzçi olduğum üçün dövlətdən gözləntilər əvəzinə dövlətdən istək olmalıdır. Kiçik, orta sahibkarlığın inkişafına mane olmamalıdırlar. İnsan özü pul qazansın, oturub gözləməsin.
Təqaüd sistemində də dəyişiklikliyə ehtiyac var. Bu doğru model deyil. Bu gün gənclər işləyir, yaşlı insanlara təqaüd verilir. Sabah gənclər qocalanda növbəti nəsil işləyəcək, qocalara pul veriləcək. Bu model bir yerdə qırılacaq. Demoqrafik vəziyyətlə bağlı problemlər var. Gənc nəsil azalacaq, yuxarı nəslin problemi artacaq.
Təqaüd fondları ilə bağlı məsələyə yenidən baxılması da vacibdir. Bəzi insanların yüz min təqaüd fondunda vəsaiti var. Onlara çıxış əldə edə bilmir. Bizdə qanunvericilikdə də bu məsələdə dəyişikliklərə gedilməsinə ehtiyac yaranıb. İnsanın özünün pul qazanması modeli tətbiq olunmalıdır. Əlini açıb dövlətdən pul gözləməsin. Dövlət vətəndaşı pis öyrədib. Bu gün sosial dövlət olduğundan insanlar da hər şeyi dövlətdən gözləyir. Dövlət bunu qarşılaya bilmir. Təqaüdçü həyatdan silinməməlidir. Kiçik biznes sahibi ola, kafe aça bilər və sair.
-İnsanlar bir tərəfdən narahatdır ki, maaşım artsa, bu, digər sahələrdə də qiymət artımı ilə müşahidə olunacaq. Yolpulu, ərzaq qiymətləri və sair. Bu mümkündürmü?
-Əlbəttə, Azərbaycanda inflyasiya daimi gedən prosesdir. Dayanmayacaq. Bizim daxili istehsalımız zəifdir. İdxaldan çox asılıyıq. Xaricdə istənilən qiymət dəyişimi Azərbaycanda qiymətləri artırır. Bu gün də eyni problem yaşanır.
Rəqabətli mühitlə bağlı problemlərlə yanaşı, idxaldan asılılığımız qiymət artımında ciddi rol oynayan amildir. Dərman preparatlarında 90 faizdən çox xaricdən asılıyıq. Yerli istehsalımız yoxdur. Orada qiymət dəyişən kimi Azərbaycanda yerli bazarda qiymət dəyişir. Bunun üzərinə də Azərbaycanda çox mənasızcasına gömrük, vergi, rüsumları, 18 faiz əlavə dəyər vergisi verilir. Bu yanlışdır.
Azərbaycanda təqaüd və maaşlar artanda gözlənti dalğası yaranır bazarlarda ki, insanların pulu artdı, qiymətlər də buna uyğun yüksəlir.
“Bakıda evlərin qiymətləri məntiqsizcəsinə bahadır”
-Hazırda mənzil bazarında vətəndaşlar ciddi problemlərlə üzləşirlər. Belə ki, satışa çıxarılan mənzillərin sayı azalıb. Sanki şirkətlər artıq rəqabəti dayandırıblar. Satışda olan mənzillərin qiyməti isə yüksəkdir. Bu nədən qaynaqlanır? Ümumiyyətlə, bu gün satışda olan, eləcə də kirayə mənzillərin bahalaşmasının səbəbi nədir? İnsanlar nə etməlidirlər bu vəziyyət qarşısında?
Mənzillərin baha olmasının obyektiv və subyektiv səbəbləri var. Ölkənin döyünən ürəyi, qan-damar sistemi Bakıdır. Bütün iqtisadi fürsətlərin burada toplanması axının qarşısını almağı mümkünsüz edir. Bakıya axın davam edir. Əhalinin təbii artımını nəzərə alsaq, mənzilə ehtiyac da artır.
Amma mənzillər əvvəlki qədər tikilmir. Tikinti sektoruna baxsaq, son 5-6 ildə Bakı şəhərində düşüş müşahidə edilir. Digər bölgələrdə, Qarabağ ərazisində tikinti bumu yaşanır. Bakıda azalma var. Bu da iqtisadiyyatın qızıl qanunudur: tələb-təklif qanunu. Tələb yerində qalır, artır, təklif azalır. Təklif azaldıqca qiymət artır.
Bakıda daşınmaz əmlak qiymətləri məntiqsizcəsinə bahadır. İş adamları bunu torpağın, icazələrin alınmasının baha olduğundan gileylənir. Rüsumlardan əlavə rüşvət faktoru da önə çıxır. Rüşvət verməli olurlar. Mənzilin 1 kvadratmetri min manatdan yuxarı olur. Bunun vergisi, gəliri də hesablananda şəhərin kənarında 1 kvadratmetri 1500-2000 manata mənzil satılır. Şəhərin mərkəzində isə bu qiymət 8-10 minə qalxıb.
Bayılda dəniz mənzərəli olan evlərin kvadratmetri 8 mindən başlayır. Məntiqsizcəsinə bahadır. 100 kvadrat üçün 800 min manat ödəməlisən ki, təmiri və mebeli ilə birgə bir milyonu keçir. Həmin məbləğ 500 min avroya bərabərdir. Bu pulla Avropanın istənilən yerində ev almaq mümkündür. Villa almaq olar, hovuzu olsun, Aralıq dənizinə çıxışı olan İspaniyada.
Bu məntiqlə Azərbaycandakı qiymətləri anlamıram. Bunun da səbəbi Bakının yüklənməsidir. Yeganə çıxış yolu tikintini artırmaq deyil. Geri köç təşviq olunmalıdır. Qarabağda bir milyon insanın köçüb yaşaması, Xankəndinin 500 minlik şəhər olmasıdır, Gəncənin 700-800 minlik, Lənkəranın yarımmilyonluq şəhər, Mingəçevirin yarımmilyonluq şəhər olmasına cəhd edilməsidir. Bu şəhər inkişaf etməsə, cəlbedici olmasa, Bakıda sıxlıq problemi həll olunmayacaq.
Məsələnin həlli üçün inzibati və iqtisadi addımlar atılmalıdır. İnzibati deyəndə universitetlərin, dövlət idarələrinin Bakıdan köçürülməsidir. Kənd Təsərrüfatı Nazirliyi niyə Bakıda olsun? Ali Məhkəmə, Konstitusiya Məhkəməsi niyə Bakıdadır? Xankəndiyə, Gəncəyə, Mingəçevirə köçürülsün.
Mingəçevirin ərazisi böyükdür, mənzərəsi də çox gözəldir. Mingəçevirlilərin dəniz adlandırdıqları dənizləri də var.
Geri köç kampaniyası zorla yox, təbii olmalıdır. İnsanlar Bakıya yalnız pul qazanmaq dalınca gəlmirlər. Regionlarda sosial həyat yoxdur. Nə qədər domino oynayıb çayxanalarda oturasan? Sosial həyat, teatr, kino, maraqlı mərkəzlər, diskussiya yerləri yoxdur.
Ona görə də Bakıya gəlirlər. Mənə qəribə gəlir ki, Gəncədə, başqa şəhərlərdə yaşayan gənclər öz aralarında danışanda deyirlər ki, “şəhərə gedəcəksən?” Burada Bakını nəzərdə tuturlar. Amma onların yaşadığı ərazilər də şəhər hesab olunur.
Bakıdakı mənzil probleminin həlli geri köçdən keçir. Hökumət bunu bacarmasa, Bakıda qiymətlər yüksək olacaq, tıxaclar və sıxlıqdan yaşanmaz hala gələcək.
“Özbəkistan Azərbaycan üçün böyük bazardır”
-Natiq bəy, siyasi məsələlərə də münasibət bildirməyinizi istəyərdim. Özbəkistanla qardaşlıq-dostluq müqaviləsi imzalandı. Biz Türkiyə ilə də dost, qardaş ölkəyik. Nə baş verdi ki, Özbəkistanla bu qədər yaxınlaşdıq? Bu yaxınlaşma Azərbaycana nə vəd edir?
-Özbəkistanla yanaşı Qazaxıstan, Qırğızıstan və Türkmənistanla da bənzər müqavilələr imzalanacaq. Bu həm türk dövlətləri birliyi məntiqinə uyğundur, həm də reallığı özündə əks etdirir.
Bizim bizdən başqa dostumuz, qoruyan ölkələr olmayacaq. Dünya artıq elə bir mərhələyə gəlib çatdı ki, ancaq yaxın maraqların qorunması ilə bağlı dövlətlərin birgə fəaliyyətinin təmin olunması üçün fürsətlər yarana bilər.
Özbəkistan Azərbaycan üçün nə qədər əhəmiyyətlidirsə, Azərbaycan da Özbəkistan üçün o qədər əhəmiyyətlidir. Özbəkistan Azərbaycana həm də Qərbə çıxış qapısı kimi baxır. Özbəkistan böyük bir bazardır. 40 milyonluq ölkədir. Türk dövlətləri çərçivəsində Türkiyədən sonra əhalisinə görə ikinci ölkədir.
Qazaxıstan ərazisinə görə ən böyük ölkədir. Türkiyədən 3 dəfə böyükdür təxminən, amma əhalisi 20 milyondur.
Dostluğumuz, qardaşlığımız, eyni soydan gəldiyimiz birinci üstünlükdür, elementar maraqlar da bunu diqtə edir ki, biz Özbəkistanla, Qazaxıstanla və digər Mərkəzi Asiya respublikaları ilə yaxın əlaqələr quraq.
Söhbət təqribən 4 milyon kvadrat kilometrlik bir ərazidən və təqribən 175 milyon əhalisi olan coğrafiyadan gedir. Bu böyük bazardır, investisiya imkanları, fürsətdir. Özbəkistan üçün Qərbə qapı Xəzərdən keçir. Xəzərin də qapısı Azərbaycandır. Bu iki ölkənin yaxınlaşması məntiqə uyğundur. Azərbaycanın Şərqə çıxış qapılarından biri Özbəkistandır.
Türkiyə ilə münasibətlərdə bir addım öndəyik. Çünki ortada Şuşa Bəyannaməsi də var. Hərbi-strateji əməkdaşlıqdan söhbət gedir. Ümid edirəm ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanla da Şuşa Bəyannaməsinə bənzər sənədlər imzalanacaq. Türk Dövlətləri Birliyi yalnız iqtisadi deyil, həm də hərbi-strateji ittifaqa çevrilməsi üçün addımlar atılacaq. Bunun üçün böyük bir potensial var.
“Özbəkistanla yaxınlaşma hər iki ölkəyə üstünlük gətirə bilər”
-Özbəkistanla əlaqələrin inkişafı Azərbaycan iqtisadiyyatı və turizminə töhfə verəcək.
-Əlbəttə, Azərbaycanın istənilən ölkə ilə münasibətlərinin üst səviyyəyə çıxması iqtisadi potensialımızı artırır. Problem odur ki, Azərbaycan bu zaman daha çox donor ölkəyə çevrilir. İstehsalımız zəifdir, ixrac edə bilmirik, özbəklərdə istehsal güclüdür, daha çox ixrac edirlər Azərbaycana.
Bu gün bizdə satılan soyuducuların, kondisionerlərin, televizorların bir çoxu Özbəkistan istehsalıdır. Onlar xarici şirkətlərlə birgə müəssisələr qurublar. Bizim Özbəkistana enerji daşıyıcılarından başqa ixrac edə biləcəyimiz heç nəyimiz yoxdur.
Turizmdə böyük potensial var. Çünki Özbəkistanın Azərbaycana marağı var. 500 min turist qəbul etsək, çox yaxşı olar. Özbəkistanın turizm potensialı daha çoxdur. Səmərqənd, Buxara kimi ərazilərdə dünyanın nadir inciləri var. Burada müharibələr olmayıb, dağıntılar olmayıb. Əsrlərlə qalan əlaqələr var. Bu inkişaf hər iki ölkəyə böyük üstünlük gətirə bilər.
“Ermənistan yaxın 20 ildə Avropa İttifaqına üzv ola bilməz”
–Rusiya–Ermənistan münasibətlərindən də bəhs edək. Belə ki, Rusiya Ermənistan qarşısında şərt qoyub bildirib ki, artıq qərarını verməlidir. Avropa İttifaqına üzv olursa, Avrasiya İqtisadi İttifaqında qala bilməz. Əgər ümumi xalqın istəyinə uyğun olaraq, Ermənistan Aİİ-dən uzaqlaşarsa, Rusiyanın Ermənistana hansı iqtisadi təzyiqi olacaq?
–Ermənistan heç vaxt Avropa İttifaqına üzv olmayacaq. İndiki konfiqurasiya buna imkan vermir. Avropa İttifaqının Kopenhagen kriteriyaları var. Üzv olmaq üçün bu kriteriyalara cavab vermək lazımdır. Ermənistan bunların heç birinə uymur. Coğrafi olaraq uyğun deyil. Aİ ümumi sərhəd prinsipi üzərində qurulub. Haradandır Ermənistan və Aİ sərhədi? Dəniz olsaydı, bu mümkün olardı. Vaxtilə Gürcüstan ola bilərdi. Çünki Qara dənizlə dəniz sərhədi var Aİ-nin. Ermənistanın nə quru, nə dəniz sərhədi var Aİ ilə. İttifaqa üzv olması yaxın 20 ildə görünmür. Bir şərtlə ola bilər; əgər Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə birgə üzv olsa, bu zaman Ermənistan Aİ-yə üzv ola bilər. Türkiyə uzun müddətdir üzv olmaq istəyir, ona qapıları açmırlar. Rusiya ilə Aİ sərhədi Cənubi Qafqazda Gürcüstan və Azərbaycan üzərindən keçir. Rusiya da bunu bilir ki, üzvlük məsələsi alınan deyil. Hazırda Ermənistanda əhali Rusiyadan inciyib. Bunun səbəbi odur ki, əhali deyir ki, 200 ilə yaxın rusların dediyi ilə oturub-dursaq da, bizi qorumadınız. Paşinyan və komandası da Aİ-nin onları qoruyacağına inanırlar. Əhalidə belə bir illüziya yaradılır.
Rusiyada Putinin israrla gedib referendum keçirin, anlaşın, biz bilək deməyinin məqsədi də odur ki, Paşinyan Aİ ilə bağlı mesajlarını geri götürsün. Bu zaman əhali də Paşinyanı qınayacaq ki, bizə söz vermişdin. Nə oldu?
Paşinyan son çıxışında referendum keçirilməsinə ehtiyac olmadığını bildirdi, erməni mediası ayağa qalxdı. Referendum ilə Aİ-yə üzv olmaq mümkün olsaydı, Uqanda referendum keçirərək Aİ-yə üzv olmaq istədiyini deyərdi. Bu məntiq, iqtisadi, siyasi münasibətlərlə olan məsələdir.
Ermənistanda Aİİ, Aİ seçimi yoxdur. Paşinyan bu gün Rusiyanı qane edəcək yeganə liderdir. Çünki Paşinyanın alternativi ruspərəst olmayacaq. Daha çox qərbpərəst olacaq ki, bu da Rusiyaya sərf etmir. Aksentlə də olsa, Paşinyan bu gün Putinlə rus dilində danışır. Amma eləsi gələ bilər ki, tərcüməçi ilə ingilis dilində danışa bilər.
Rusiya-Ermənistan münasibətləri enişli-çıxışlıdır. Rusiya çox vaxt süni şəkildə Ermənistana təzyiq edir. Bu da Paşinyanın və Ermənistanın Qərbdə hörmətini qaldırır. Qərb çox primitiv düşünür. Rusiya Ermənistanı tənqid edirsə, Ermənistan yaxşıdır, Rusiya Paşinyanı tənqid edirsə, demək Paşinyan yaxşı oğlandır. Belə bir primitiv yanaşma mövcuddur.
–Azərbaycan və Türkiyənin Rusiyanın Ermənistana təzyiqlərinə cavab olaraq Ermənistana hansısa dəstəyi ola bilərmi?
-Artıq müəyyən addımlar atılır. Azərbaycan üzərindən Ermənistana yüklər də daşınır. Azərbaycan enerji daşıyıcıları ilə bağlı da müəyyən addımlar atır. 15,8 milyon dollarlıq bu ilin ilk yeddi ayında Ermənistana məhsul da satmışıq. Müəyyən addımlar atılır.
Bəs niyə göz yumur ki, qadağan olunan eyni balıq Gürcüstan üzərindən getsin? Çox səmimi, ciddi təzyiq vasitəsi yoxdur. Məsələn, son 2 ayda Gürcüstandan Rusiyaya balıq məhsulları ixracı 6-7 dəfə artıb. Gürcüstanda çaylarda, göllərdə birdən-birə bu qədər artım mümkün deyil. Bu, Ermənistanda qadağan olunan balıqlardır. Qablaşdırma dəyişdirilərək Gürcüstan qablaşdırılması edilir. Rusiya da bunu bilir. Eyni şey meyvələrə də aiddir. Bunu ciddi qəbul etməyib.
Rusiya belə etdikcə Ermənistan ikiqat xeyir götürür. 50 min avroluq fermerlərə dəstək proqramı qəbul edildi. Pul paylandı. Ermənistan məhsullarına heç bir sənəd, kriteriyalar olmadan Avropa bazarına çıxarışla bağlı icazələr əldə etdi. Halbuki bu kriteriyalar çox sərtdir.
Rusiyanın ən böyük təzyiq vasitəsi təbii qazdır. 80 faiz təbii qazını Ermənistan Rusiyadan alır. Ciddi təzyiq etmək istəsəydi, qazı bağlayardı, Ermənistan soyuqdan donardı. Əsl davalar olsaydı, Putin çıxıb deyərdi ki, günahkar Paşinyandır, mən də sizi belə cəzalandırıram.
Türkiyə və Azərbaycan Ermənistan iqtisadiyyatına daxil olur. Ən böyük müxalifətçilik göstərən isə Ermənistandakı milliyyətçi qruplardır. Köçəryanın, Karapetyanın partiyasının nümayəndələri qorxurlar ki, biz Batuminin gününə qalacağıq. Belə ki, Batumidə Türkiyə biznesi hegemonudur. Küçədə türkcə danışırlar. Restoranlar, kafelər, işletmələr, istehsalat türk şirkətlərinin əlindədir.
Qorxurlar ki, Azərbaycan və Türkiyə onlardan çox güclüdür. Bazarı tutub onlara diqtə etməyə başlayacağımızdan çəkinirlər. Bu, XIX-XX əsrlər təfəkkürüdür.
Çin bütün dünyaya mal satır, bütün dünyanı işğal mı edib? ABŞ-a səfərim zamanı qohunlara aldığım hədiyyələrin üzərinə “Made in China” yazılmışdı. Hətta məni danladılar ki, gedib Sədərək bazarından ala bilərdik bunu. Eyni şeydir. Çin hər yerə mal satır.
Müxbir: Safura Bənnayeva
Fotolar: İntiqam Əhmədov