ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə yeni üçtərəfli danışıqların keçirilməsinin planlaşdırıldığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Uitkoff bubarədə sentyabrın 6-da Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra danışıb.
O bildirib ki, Vaşinqton son 48 saat ərzində diplomatik prosesdə konstruktiv irəliləyiş əldə edib və danışıqların müsbət nəticə verəcəyinə ümid edir.
“Ümid edirəm ki, son 48 saat ərzində bu prosesə konstruktiv şəkildə başlamışıq. Əminik ki, burada yaxşı bir həll əldə olunacaq”, – deyə Uitkoff bildirib.
ABŞ rəsmisi Moskva görüşləri zamanı mühüm irəliləyişlərin əldə edildiyini və yeni təkliflərin müzakirə olunduğunu söyləyib. Onun sözlərinə görə, həmin ideyalar daha sonra Ukrayna tərəfinə təqdim edilib.
Uitkoff tərəflərin mövqeləri arasındakı fikir ayrılıqlarının aradan qaldırılmasının vacib olduğunu vurğulayıb. O, bunun üçün kifayət qədər imkanların olduğunu və diplomatik səylərin davam etdiriləcəyini bildirib.