Hüquq elmləri doktoru, professor İlham Rəhimov Globalinfo.az-a müsahibəsi zamanı qeyd edib ki, Rusiya nəinki Azərbaycanın, eləcə də keçmiş qonşu respublikalarının problemlərinin yükünü öz üzərinə götürmək istəmir:
“Öz yükünü də dost dövlətlərin üzərinə qoymaq fikrində deyil. Rusiya keçmiş Sovet İttifaqının bütün xalqları ilə yalnız iqtisadi, humanitar və siyasi sahələrdə mehriban münasibətlər qurmaq istəyir”.
Əsrlərdir qonşulara müdaxilə etmək siyasətini prioritetə çevirən Kremlin 300 illik siyasətdən imtinasının gerçək səbəbləri nələrdir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, həyatda maraqdan kənar fəaliyyət yoxdur:
Azad Məsiyev
“Xüsusilə də ölkə rəhbərləri öz siyasətində xalqın və dövlətin maraqlarını önə çəkir. Bu maraqlar hansı prinsiplərlə həyata keçirilir?
Məsələn, Rusiya SSRİ dağıldıqdan sonra problemlərini özü həll etmək və qonşuların daxili işlərinə qarışmamağa çalışır. SSRİ dünyanın bir çox dövlətlərinə maliyyə yardımı ayırmaqla dəstək alır, öz maraqlarını bu prinsip üzərindən həyata keçirməyə çalışırdı. Nəticədə isə iqtisadi cəhətdən zəiflədi və dağıldı”.
Politoloqun sözlərinə görə, müasir Rusiya öz siyasətində yeni doktrinaya əsaslanır:
“Buna əsasən qonşularla dinc-yanaşı yaşamağa çalışır. Qonşulardan Rusiyaya, milli maraqlarına təhlükə yaranarsa, özünü müdafiə etmək üçün addımlar atacaq. Əks təqdirdə, heç bir ölkənin daxili məsələlərinə müdaxilə etmir”.
Safura Bənnayeva
Globalinfo.az