Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə Bakı-Moskva əlaqələrinin uğurlu inkişafından, həmçinin Azərbaycanda rus dilinə verilən önəmdən danışıb.
Ümumiyyətlə, Putinin Azərbaycanda rus dilinin tədrisinə önəm verməsinin səbəbi nədir?
Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, 2022-ci ilin fevral ayında Kremldə Azərbaycan və Rusiya arasında imzalanan strateji müttəfiqlik haqqında 43 maddədən ibarət saziş dövlətlərarası münasibətlərin bütün sahələrdə yaxşı olmasını nəzərdə tutur:
“İki ölkə arasında iqtisadi və siyasi əməkdaşlıq yüksək səviyyədədir. Bu da dövlət başçılarının dostluq əlaqələrindən qaynaqlanır. Azərbaycan və Rusiya xalqı arasında münasibətlərin yaxşı olması iki dövlətin qarşılıqlı əməkdaşlığına bağlıdır. Cənubi Qafqazda Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycanda rus dilinə xüsusi önəm verilir. Rusiya bizim qonşumuzdur və böyük miqdarda yeraltı, yerüstü sərvətlərə malikdir, nüvə silahı olan dövlətdir, dünya siyasətinin güc mərkəzidir. Belə qonşu ilə münasibətlərimizin yaxşı olması müsbət haldır”.
Politoloqun sözlərinə görə, rus dili beynəlxalq dildir və bizim tarixi əlaqələrimizdə də istifadə olunub:
“Milyonlarla soydaşımız Rusiyada yaşayır. Onların yaxşı işləməsi üçün dövlətlərarası münasibətlərin də yaxşı olması vacibdir. Ümumiyyətlə, Azərbaycan Rusiya və qonşu ölkələrlə münasibətdə dostluq, beynəlxalq hüquq prinsipindən çıxış edir.
Məsələn, Ukrayna və Rusiya arasında yaranmış vəziyyət Kiyev rəhbərliyinin apardığı siyasətin məntiqi nəticəsidir. Prezident Volodimir Zelenski ölkənin təhlükəsizliyinə xələl gətirəcək addım atdı.
Ukrayna dil baxımından Rusiyaya daha yaxındır. Lakin Qərbin təsiri ilə rus dilinin sıxışdırılması, məhdudlaşdırılması siyasətini yürüdür”.
Safura Bənnayeva
Globalinfo.az