Putini Qəzzafi kimi yox etmək istəyirlər: “B planı” işə düşdü

 

“Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı order sehrli çubuq deyil, amma biz inanırıq ki, o müəyyən şeylərin qarşısını ala biləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Beynəlxalq Cinayət Məhkəməsinin sədri Pyotr Xofmanski deyib. O, Putinin bu order sayəsində dünyanın 123 ölkəsində təhlükəsizlikdə olmayacağını bildirib. Xofmanski Beynəlxalq Cinayət Məhkəməsinə üzv olan bütün ölkələrin Putinin həbsi üçün məsuliyyət daşıdığını bildirib.

Bununla belə Putinin həbsi ilə bağlı qərar faktiki olaraq dünyanı da iki yerə bölüb. Üstəlik, bir çox dövlətlər bu qərar sayəsində Qərbin dünya dövlətlərinə seçim etmək zamanının gəldiyi haqqında mesaj göndərdiyi qənaətinə gəliblər. Üstəlik, verilən qərar ABŞ başda olmaqla digər Qərb dövlətlərinin “Rusiyada hakimiyyət çevrilişinə nail olmağa çalışmırıq” tezisini də sıradan çıxarıb. Əvəzində isə Qərbin Rusiya daxilində xaosu yaymaq istəməsi ilə bağlı iddialar gündəmə gəlib.

Qərardan dərhal sonra çıxış edən Serbiya Prezidenti Aleksandr Vuçiç də dünyanın böyük konfliktə getdiyini bildirib. O, həm Qərbin, həm də Moskvanın mövqeyindən geri çəkilməyəcəyini və bunun nəticələrinin hər kəs üçün çox ağır olacağını bəyan edib:

“Rusiyada məhkəmənin qərarına gülürlər, amma burada güləsi heç nə yoxdur. Qərb bununla Rusiyaya qarşı sərt mövqe tutmayanlara əlavə təzyiq göstərməyə çalışır. Beləliklə, Rusiya və prezidenti ilə qarşılıqlı əlaqədə olan hər kəsə siqnal göndərilir”.

Son günlər Moskvadan uzaqlaşmaqla bağlı ictimai fikri formalaşdırmağa çalışan Serbiya lideri həmçinin artıq Belqrad üçün qəti qərar vaxtının yaxınlaşdığının da anonsunu verib. Bu isə öz növbəsində Rusiyanın Cənubi Avropadakı əsas ümidinin yox olması mənasına gəlir.

Moskvada da Vuçiçin dedikləri ilə razılaşanlar mövcuddur. Məhkəmənin qərarını şərh edən Donbasdakı separatçıların keçmiş liderlərindən biri İqor Strelkov Qərbin bu qərar sayəsində Rusiyanın Ukraynadakı məğlubiyyətinin hüquqi əsaslarını hazırladığını bildirib:

“Putini növbəti Miloşeviç (Qəddafi, Səddam və s.) etməyə qərar veriblər və onunla onlardan biri kimi hesablaşmağa hazırlaşırlar. Qərb əmindir ki, cari müharibə özü üçün uğurla bitib və artıq utanmadan onun nəticələrini rəsmiləşdirməkdən ötrü hüquqi əsaslar yaradır”.

Bununla belə Moskvada qərarın Rusiyanın təcridi istiqamətində önəmli qərar olduğunu bilsələr də hələlik məsələnin bu istiqamətinə toxunmağa cəhd etmirlər. Əksinə, bunun əvəzinə Moskva Marqarita Simonyanın simasında şantaj dilindən istifadə edərək, qərar verməzdən qabaq iki dəfə düşünməyin mesajını verib. Üstəlik, Simonyan bu dövlətləri nüvə silahı və raketlərlə hədələyib:

“Haaqanın qərarı ilə Putini həbs etmək istəyən ölkəni görmək istərdim. 8 dəqiqə sonra və ya onun paytaxtına uçuş müddəti nə qədər təşkil edir…”

Qeyd edək ki, dünən Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsi ilə bağlı order verib. Qərar Moskvanın etirazı ilə nəticələnib.

İlkin Həsənov
Globalinfo.az