Prezidentin bu fikirləri dünya birliyinə də ciddi mesaj idi – Şərh

Ermənistan üzərindəki tarixi Qələbəmiz həm Azərbaycanın, həm də onun lideri Prezident İlham Əliyevin dünya miqyasındakı reytinqini daha da artırdı.

Şanlı Qələbədən sonra işğaldan azad edilmiş ərazilərimiz, xüsusilə Şuşa nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini keçirdikləri məkana çevrildi. Dünyanın tanınmış ictimai-siyasi xadimlərinin, diplomatların, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdikləri bu tədbilərdə Azərbaycan həqiqətləri bir daha dünya ictimaiyyətinə bəlli olur. Dövlət başçımızın aparıcı media nümayəndələrinə verdiyi müsahibələrdə səsləndirdiyi fikirlər Ermənistana, onun havadarlarına, habelə dünya birliyinə ciddi mesajdır. Bu yaxınlarda Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı Şuşada keçirilən Qlobal Media Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun , həmçinin 60 yerli media rəhbəri və nümayəndəsinin iştirakı ölkəmizin beynəlxalq aləmdəki artan nüfuzunu göstəricisidir. Həmin tədbirdə dövlətimizin başçısının “Euronews” televiziyasına müsahibəsi böyük rezonans doğurub. Dövlətimizin başçısı bu müsahibəsində də Azərbaycanın sülh tərəfdarı olduğunu, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidədnqurma, tikinti-quraşdırma işləri barədə ətraflı məlumat verdi. Bir daha bəyan etdi ki, Azərbaycan sülh sazişi ilə nəticələnəcək təşəbbüs irəli sürən hər hansı tərəfi dəstəkləyəcək.

Globalinfo.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, dövlətimizin başçısının müsahibəsindəki ciddi mesajlar, cəsarətli, qətiyyətli fikirlər həm Ermənistana, həm də onun havadarlarına xəbərdarlıq kimi də qəbul edilməlidir. Yəni, Ermənistanın ayrı çıxış yolu qalmayıb. Bundan sonra bu ölkə Azərbaycanla müharibə etmək iqtidarında deyil və ola bilməz. Çünki hazırda ölkəmiz dünyanın güclü dövlətlərindən birinə çevrilməkdədir. Xankəndidə yaşayan ermənilərin də bir yolu qalıb. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Prezident də bu barədə qəti fikrini bildirdi. Dedi ki, bu, onların seçimidir. Təbii ki, biz onlara seçim hüququ veririk. Onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Prezident İlham Əliyev, həmçinin qəti olaraq bildirdi ki, biz separatizmə dözməyəcəyik.

Ç.Qənizadə Prezident İlham Əliyevin müxbirin suallarına verdiyi cavabları, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın tərəfində olduğunu, yəni Ermənistanın törətdiklərinin beynəlxalq hüquqa zidd olduğunu tədiqləməsini xatırlatmasını, bu gün az qala dünyada müzakirə obyektinə çevrilmiş Laçın dəhlizi barədə fikirlərini, Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsini qurmağımızın legitim hüququmuz olmasını qəti şəkildə bildirməsi dünya birliyinə də ciddi mesaj idi. Bir sıra xarici şirkətlərin bu yolla təbii sərvətlərimizi, o cümlədən dəmir filizi və qızılı Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşımasına dözə bilməzdik. Vətəndaş cəmiyyətimizin nümayəndələri yola nəzarət etməyə başladılar. Amma buna baxmayaraq, yol yenə də bağlı deyildi, hərəkət azad idi. Halbuki Ermənistan və havadarları beynəlxalq aləmdə bu yolun bağlı olması barədə əsassız hay-küy salırdılar. Ancaq istəklərinə nail ola bilmədilər. Hazırda da bu yolda hərəkət etmək azadlığı bloklanmayıb. Çünki həmin sərhəd-keçid məntəqəsi qurulduğu vaxtdan etibarən Qarabağın 2 mindən çox sakini Ermənistana asan şəkildə gedib-gəlib.

Komitə sədri deyib ki, müsahibədə maraq doğuran məsələlərdən biri də son vaxtlar Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarında Avropa İttifaqı Şurasının vasitəçilik etməsi barədə sual idi. Dövlətimizin başçısı bildirdi ki, bu işdə Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük.

Hüquq müdafiəçisi müsahibədə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq işləri aparıldığından da söhbət açıldığını xatırladıb.