Növbədənkənar prezident seçkiləri bitdi. Hazırda əsas aktual məsələ prezidentin inaqurasiya mərasiminin nə vaxt və harada olacağıdır.
2013 və 2018-ci seçkisindən sonra İlham Əliyev parlamentin iclas zalında and içərək, prezident səlahiyyətlərinin icrasına başlayıb. Lakin bu dəfə vəziyyət fərqlidir.
Belə ki, bütün torpaqlar işğaldan azad edilib. Prezidentin Xankəndidə səs verməsi də diqqətçəkən bir nüans oldu. Bəzi ekspertlər bunu əsas gətirib andiçmənin də Xankəndidə, ya da Şuşada olacağına dair təkliflər verir.
Maraqlıdır, prezidentin andiçməsi nə zaman olacaq, harda keçiriləcək?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, prezident seçkiləri böyük bir hadisəyə çevrildi:
“Çünki ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində səsvermə prosesi baş tutdu. İşğaldan azad edilən ərazilərdə 26 məntəqə formalaşdırıldı və burada 23 min seçici iştirak etdi. 70%-dən artıq bir seçici fəallığının şahidi olduq. Nəticə etibarilə 92.2% səslə hazırkı prezident İlham Əliyev yenidən prezident seçildi.
Artıq Mərkəzi Seçki Komissiyası nəticələri Konstitusiya Məhkəməsinə təqdim edib. Konstitusiya Məhkəməsi nəticələri təsdiq edəndən sonra andiçmə mərasimi keçirəcək.
Hesab edirəm, andiçmə mərasimi Milli Məclisdə keçiriləcək. Düzdür, hazırda inaqurasiya mərasimi ilə bağlı müxtəlif ssenarilər səslənir. Xüsusilə Xankəndidə, Şuşada andiçmənin keçirilməsi maraqlı təkliflərdir. Lakin mən Prezidentin parlamentdə and içəcəyini düşünürəm”.
Turan Rzayev
Globalinfo.az