Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində su ehtiyatlarından istifadə məsələsi də gündəmə gəlib. Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı iki ölkənin ərazisindən axan çayların suyundan birgə istifadə və bu sahədə əməkdaşlıq məsələlərinin müzakirə edilməsinin vacibliyini vurğulayıb. O, ekoloji normalara riayət olunmasının da diqqətdə saxlanılmalı olduğunu söyləyib.
Çaylarla, su ehtiyatları ilə bağlı hansısa əməkdaşlıq bizə gərəklidir? Məsələn, İrəvan illərdir vurmaqla hədələdiyi Mingəçevir su anbarından gələcəkdə istifadə edə bilərmi?
Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, konflikt başa çatdıqdan sonra bir çox sahədə, o cümlədən iqtisadiyyat və ekologiya istiqamətində normallaşma prosesi həyata keçirilməlidir:
“Çünki 1000 kilometrdən çox ortaq sərhədə malik iki ölkə arasında ekoloji məsələlərin diqqətdən kənarda qalması mümkün deyil. Coğrafi baxımdan daha yüksək ərazidə yerləşən Ermənistanın tullantılarının Azərbaycana təsiri də fizika qanunlarına əsasən qaçılmazdır. Ermənistan 30 ildən artıq müddətdə işğalçı siyasəti nəticəsində, xüsusilə Qarabağ bölgəsində yanğınlar törətməklə, qiymətli ağacları kəsməklə, xüsusi mühafizə olunan təbiət ərazilərini deqradasiyaya uğratmaqla və vəhşi təbiətə zərər vurmaqla ciddi ekoloji fəsadlara səbəb olub. Buna baxmayaraq, Ermənistan qonşu ölkədir və biz eyni coğrafi məkanı – Cənubi Qafqazı bölüşürük. Bu baxımdan müzakirə edilə və həllinə çalışıla biləcək bir sıra ekoloji problemlər və əməkdaşlıq perspektivləri var”.
Ekoloq bildirib ki, Azərbaycan Ermənistan və digər Cənubi Qafqaz dövləti olan Gürcüstanla ekoloji məsələlər üzrə müxtəlif regional formatlarda, oxşar layihə və təşəbbüslər çərçivəsində əməkdaşlıq edib:
“Ümumilikdə, ətraf mühitin mühafizəsi ilə bağlı ortaq yanaşmalarımız və əlaqələrimiz olub. Lakin mövcud düşmənçilik münasibətləri bu əməkdaşlığa da mənfi təsir göstərib. İndi normallaşma prosesinin və sülh danışıqlarının intensivləşməsi həmin sahədə əməkdaşlığa mane olan amilləri tədricən aradan qaldırır.
Paşinyanın çıxışında toxunduğu məsələlər də, əsas problemlər öz həllini tapdıqdan sonra mümkün əməkdaşlıq formatı çərçivəsində mərhələli şəkildə müzakirə oluna və konkret planlar əsasında həyata keçiriləcək. Bu istiqamətdə əsas məsələlərdən biri Araz çayının çirklənməsidir. Ermənistanda formalaşan və çaylara axıdılan ekoloji zərərli maddələr, xüsusilə pestisidlər, Oxçuçay vasitəsilə Araz çayını çirkləndirir. Bu, kifayət qədər aktual problemdir və artıq müzakirə olunub. Azərbaycan transsərhəd çirklənməyə qarşı beynəlxalq konvensiyanın da üzvüdür. Məsələ həmin beynəlxalq öhdəliklər çərçivəsində öz həllini tapmalıdır”.

Arzu Mustafayev
Ekspert qeyd edib ki, Qafan mis-molibden zavodunun fəaliyyəti nəticəsində yaranan çirklənmiş tullantı sularının Oxçuçaya axıdılması Araz çayına da mənfi təsir göstərir:
“Arazın suları isə Kürə qarışır. Bu, nəticə etibarilə Bakı şəhərinin su təchizatı üçün istifadə olunan mənbələrə də ekoloji risk yaradır. Çünki Kür çayından götürülən su Bakı şəhərinin əsas su təchizatı arteriyalarından birini təşkil edir. Beləliklə, söhbət təkcə transsərhəd çirklənmədən deyil, həm də əhalinin su təhlükəsizliyinə təsir edə biləcək problemdən gedir. Digər əməkdaşlıq istiqaməti transsərhəd xüsusi mühafizə olunan təbiət əraziləri ilə bağlı ola bilər. Zəngəzur Milli Parkı, Qarabağda yeni yaradılmış milli park və Qaragöl Dövlət Təbiət Qoruğu bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin ərazilərin gələcək mühafizəsi və idarə olunması ilə bağlı müəyyən birgə işlərin həyata keçirilməsi mümkündür. Bundan başqa, bir sıra su mənbələrimiz Ermənistanda formalaşır. Həmin suların idarə olunması ilə bağlı hər iki ölkədə bu sahədə fəaliyyət göstərən qurumlar arasında əlaqələrin qurulması və daha optimal idarəetmə mexanizmlərinin formalaşdırılması istiqamətində planlar hazırlana bilər”.
A.Mustafayev əlavə edib ki, Ermənistanla mövcud olan əsas problemlər Azərbaycanın maraqlarına uyğun və müsbət həllini tapmalıdır:
“Bundan sonra ekoloji məsələlər də tədricən müzakirə masasına gətirilməli, mövcud problemlərin həlli üçün ortaq yollar axtarılmalıdır. Heç kəs qonşu olduğumuzu unutmamalıdır. Ortaq sərhədlərimiz olduğu kimi, ortaq təbiətimiz, sərhədyanı meşələrimiz və biomüxtəlifliyimiz də var. Məsələn, Naxçıvanda və Şərqi Zəngəzurda rast gəlinən bir sıra nadir növlər həyat dövrlərinin müəyyən hissəsini Ermənistanda, digər hissəsini isə Azərbaycanda keçirərək vahid areal daxilində hərəkət edirlər. Onların qorunması da məhz birgə fəaliyyət nəticəsində daha səmərəli təşkil oluna bilər”.
Ləman İmran
Globalinfo.az