Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək paradda iştirak etməyəcək.
Paşinyan seçkiqabağı kampaniyaya görə, Moskvada keçiriləcək parada qatılmayacağını bildirib. Baş nazir həmçinin Rusiya Prezidenti Vladimir Putini hələ aprelin 1-də bu barədə məlumatlandırdığını qeyd edib.
Globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, burada əsas məsələ Rusiyanın hazırda içində olduğu vəziyyətdir:
“9 May paradı əvvəllər vacib tarixi hadisə kimi qəbul olunurdusa, Rusiya–Ukrayna müharibəsi konteksti bunu dəyişdi. Yəni hər hansı lider Putinin rəhbərlik etdiyi bir parada getmək istəmir. 9 May məsələsi Rusiyada siyasiləşdirildi. Bu tarix faşizm üzərində qələbəni ifadə edir, hadisə tarixi baxımdan vacibdir, lakin müharibə paradlara yanaşmanı dəyişib.

Fərid Şəfiyev
Rusiya təbliğatla bu mühüm günü özünəməxsus şəkildə təqdim edir. Paşinyanın da paradda iştirak etməməsi başadüşüləndir. Aprel ayında onun Rusiyaya səfəri zamanı gördük ki, tərəflər arasında müzakirələr gərgin atmosferdə keçib. Bu, erməni baş nazirin öz qərarıdır”.
Turan Rzayev
Globalinfo.az